Cəmiyyət 7 Mart 2023, 11:59 | Baxış sayı: 231
“Hacı Şahinin dəfnindəki izdiham nə iləsə əlaqələndirilməməlidir”

“Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin, ailəsinə, yaxınlarına səbir versin. Bir din xadimi kimi Hacı Şahin xüsusən gənclərin dini görüşlərinin inkişafında rol oynayırdı, dəstək verirdi. Çünki özü gənc idi deyə gənclərin əksəriyyəti ona müraciət edirdi. Dəfn mərasimində də əsasən gənclər çoxluq təşkil etdi. Bu da bizim elm adamlarına olan hörmətin göstəricisidir. Bu məsələyə xarici, daxili, bizi istəyən-istəməyən qüvvələr tərəfindən şərhlər verilir. Saytlarda mən də oxuyuram. Hacı Şahinin dəfnindəki izdiham nə iləsə əlaqələndirilməməlidir. Çünki o, azərbaycanlı idi. Məsələnin nə İran, nə Turan, nə də başqa tərəfi barədə nəsə deyə bilmərəm. Hacı Şahin Azərbaycan vətəndaşı kimi, dinə xidmət edən bir insan kimi vəfat edib. İnsanlar da Hacı Şahini buna uyğun dəfn ediblər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib.

 

Deputat Hacı Şahin Həsənlinin məzarının İranın siyasi şiəliyinin güc nümayişi məkanına dönməsi barədə  səslənən fikirlərə də münasibət bildirib: “Hacı Şahinin məzarı başında kimlərinsə gecə saatlarında toplaşmasına nəsə deyə bilmərəm. Onlar hansı fikirlə, necə toplaşıblar, bunu kim təşkil edib, yaxud bu, doğrudan da təşkil edilib, ya yox – görmədiyim işi deyə bilmərəm. Azərbaycanın güc strukturları, qanunları var. Əgər hansısa təsir göstərmək məsələsi, İran, yaxud digər təsirlər olsaydı... Hacı Şahinin dəfnində, məzarı başında bir polis, yaxud insanların bir-birinə hansısa çağırış etdiyini gördünüzmü? Heç nə olmadı, ola da bilməz. Belə qara-qura küçə söhbətləri ilə, kimin ağlına nəsə gəldisə, danışmaqla söz-söhbət düzəltmək istəyirlər. Amma bu, alına bilməz, mümkün deyil”.

Xəbərlər