Ümumi 8 Sentyabr 2023, 10:03 | Baxış sayı: 77
“Güzəşt etməmək məsələsi nazirlikdə işə qəbulda, qrantlarda, regional idarələrə təyinatlarda da özünü göstərməlidir...”

Hər dəfə təşkil etdiyi brifinqlərdən sonra özünəməxsus çıxışları ilə müzakirə hədəfinə çevrilən elm və təhsil naziri Emin Əmrullayev bu dəfə də ictimaiyyətin qınağına tuş gəlib. Belə ki, nazirin yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə səsləndirdiyi “Təhsildə güzəşt etmək vətənə xəyanət etməklə bir şeydir” fikirləri birmənalı qarşılanmayıb, geniş müzakirəyə səbəb olub.

 

Müzakirələrlə bağlı fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, nazir Emin Əmrullayevin fikri fikir etibarilə çox yaxşıdır. 

 

Deputat bildirib ki, təhsildə prinsipial məsələlərlə bağlı heç bir güzəşt olmamalıdır: “Amma hesab edirəm, bu fikir özünü bütün istiqamətlərdə açıq-aydın göstərməlidir. Yalnız müəllimlərlə bağlı sertifikasiyada, onların işdən azad olunmalarında yox, direktor təyinatında, nazirlikdə işə qəbulda, nazirliyin verdiyi qrantlarda, regional təhsil idarələrinə təyin olunmalarda və digər məsələlərdə də özünü açıq şəkildə göstərməlidir. Nazirin fikrinin bu qədər müzakirə olunmasının səbəblərindən biri güzəştlərin bir istiqamətdə olub, digər istiqamətlərdə olmaması ilə bağlıdır. Reallığa gəldikdə, sual versəniz ki, təhsildə güzəşt var, ya yox? Düşünürəm ki, bununla bağlı çox maraqlı və müxtəlif cavablar alacağıq. İstərdim ki, bu məsələ tam reallıqda öz əksini tapsın, bütün istiqamətlərdə özünü aydın göstərsin. Yalnız o zaman Emin Əmrullayevin fikri özünü daha doğrultmuş olacaq, bu kimi suallara, müzakirələrə də ehtiyac qalmayacaq. Məsələlərin hər birinə çox diqqətlə, həssaslıqla yanaşmalıyıq. Biz də istəyirik ki, təhsilimizdə heç bir prinsipial məsələdə güzəşt olmasın. Amma bu, yalnız sözdə deyil, reallıqda da olmalıdır”. 

pravda.az

Xəbərlər