"Guya Ermənistanda bizdən çox pensiya alırlar, axı sən niyə bizi düşmənlə müqayisə edirsən?"
“Dünyada qəbul olunmuş standartlar var. Azərbaycan bir çox beynəlxalq müqavilələrə qoşulub. Belə olan halda, dünyada qəbul edilmiş standartlara mütləq Azərbaycan da əməl etməlidir. Bir çox inkişaf etmiş ölkələrdə pensiya yaşı 65, 67, 68-dir. Bundan aşağı olanlar da var. Əgər bu gün belə bir qərara gəlmişiksə, deməli, pensiya yaşını müəyyən standartlara uyğunlaşdırmışıq. Elə sahələr var ki, pensiya yaşının daha çox uzadılması məqsədəuyğun olar. Məsələn, elmi sahədə çalışanlar, müəllimlər, həkimlər. Mən də istəyərdim ki, onların pensiya yaşı müəyyən qaydada uzadılsın. Çünki elə məktəb direktorları, müəllimlər var ki, onlar 65 yaşında sağlam insanlardırlar, dərs demək, uşaqlara yaxşı təlim verməyə qadirdirlər. Universitetlərə, elm müəssisələrinə bu, tətbiq olunub. Görürük ki, 70-75 yaşında alimlərimiz öz fəaliyyətini uğurla həyata keçirirlər. Həkimlər var ki, 65 yaşında pensiyaya çıxırlar, ancaq onların təcrübələrinə ehtiyac var”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat hesab edir ki, fiziki güc tələb edən sahələrdə isə pensiya üçün 65 yaş uyğundur: “Bütün bunları deyirlər, lakin elmi əsaslandırmalar irəli sürmürlər. Bəzi insanlar isə pensiya yaşının azaldılmasını istəyirlər. Xüsusilə çoxuşaqlı anaların vaxtından əvvəl pensiyaya çıxmalarının tərəfdarıyam. Onlar ağır zəhmət çəkiblər, özləri az yaşda pensiyaya çıxmağa razıdırlarsa, heç olmasa, dövlətdən pensiyalarını alsınlar”.
T.Rzayev Rusiyada 6 aydan bir pensiya yaşının artırılması məsələsinə də fikir bildirib: “Başqa ölkələrdə tətbiq edilən qaydaları öz ölkəmizlə müqayisə etmək mücərrəd nəticəyə gətirib çıxarar. Bununla heç vaxt razılığa gəlmək olmaz. Hər dövlətin öz siyasi, sosial xətti, göstəriciləri, düşünülmüş planları var. Axı hamısını müqayisə edə bilmərik. Bəziləri hətta yersiz olaraq Ermənistanla müqayisə edirlər ki, guya Ermənistanda bizdən çox pensiya alırlar. Axı sən niyə bizi düşmənlə müqayisə edirsən? Hardansa yalan eşitmisən, müqayisə aparırsan. Azərbaycanın iqtisadiyyatını, sosial islahatlarını inkişaf etmiş ölkələrlə müqayisə et. Onda daha yaxşı nəticə almaq olar, nəinki faşist, geridəqalmış, düşmən ölkə ilə müqayisə etmək. Rusiyanın da sosial məsələlərə öz yanaşması var, Azərbaycanın da. Hər şey reallığa əsaslanmalıdır. Bu gün doğrudan da insanlar işləməyə qadir olduqları üçün pensiyaya gec çıxmağı tələb edirlərsə, əlbəttə, bu, gündəmə gəlir, hökumət bu barədə fikirləşir, müəyyən standartlar, güzəştlər tətbiq edir. Hansısa ölkə ilə müqayisə etmək düzgün deyil”.
pravda.az