Cəmiyyət 1 Mart 2022, 14:43 | Baxış sayı: 205
"Əgər qanun icazə verərsə, mən ön cəbhədə döyüşərəm, hətta məşğul olduğum idman növü imkan verir ki, kəşfiyyatda xidmət göstərim".

““Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 22-ci maddəsi deputatın hərbi çağırışından və hərbi toplanışlardan azad olunması ilə bağlıdır. Yəni, deputat səlahiyyəti müddətində hərbi çağırış və toplanışlardan azad olunur. Həmin vaxt deputat öz səlahiyyətləri həyata keçirməlidir. Misal üçün, ölkədə hərbi vəziyyətin elan edilməsi həm də deputatlardan asılıdır, çünki parlament tərəfindən təsdiqlənir. Ona görə də deputatların müharibə dövründə öz səlahiyyətlərini icra etməsi - fövqəladə qanunların, təxirəsalınmaz aktların qəbulunu vaxtında tənzimlənməsi daha faydalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, müharibənin gedişində deputatların, o cümlədən parlamentin kadrlarının iş başında olması vacibdir: "Təbii ki, müharibədə döyüşməyin mənəvi tərəfi də var. Biz bir neçə həmkarımızla Vətən müharibəsi dövründə bunu müzakirə etdik. İdmançı olmuşam, hətta Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərin hazırlanmasında iştirak etmişəm. Yəni, müharibədə döyüşmək üçün hazır idim. Təbii ki, Vətəni qorumaq, suverenliyimizi müdafiə etmək hər birimizin borcudur. Lakin müharibədə hər kəsin məhz öz vəzifəsini layiqincə yerinə yetirməsi də zəruridir. Bu, qanundur və hər kəs qanun qarşısında bərabərdir. Əlbəttə ki, deputatların da mütləq əksəriyyəti vətənpərvərdir, onlar Vətəni sevir, hətta Vətənlə nəfəs alırlar. Mənim də döyüşmək üçün heç bir problemim yoxdur. Əgər qanun icazə verərsə, mən ön cəbhədə döyüşərəm, hətta məşğul olduğum idman növü imkan verir ki, kəşfiyyatda xidmət göstərim. Sadəcə olaraq, belə məsələlər qanunla tənzimlənir. Biz Vətənə, dövlətə, millətə bağlıyıq. Dövlətin inkişafı naminə hər kəs öz statusu üzrə çalışıb, vuruşub Vətənə olan borcunu qaytarmalıdır”.

Xəbərlər