Cəmiyyət 28 Dekabr 2021, 16:49 | Baxış sayı: 317
"Əgər ayaqqabı təmizdirsə, məscidə ayaqqabı ilə girməkdə heç bir məhdudiyyət yoxdur".

“İslamda ibadətlərin digər dinlərdən fərqlənməsi nəzərə alınmalıdır. Əgər ayaqqabı təmizdirsə, məscidə ayaqqabı ilə girməkdə heç bir məhdudiyyət yoxdur. İslama görə, ibadətlərdə təmizlik əsas şərtlərdən biri sayılır. Qadınların kişilərlə birgə məscidə gəlməsi məsələsinə gəldikdə isə dində bununla bağlı qadağa yoxdur. İslam müəyyən şərtlər çərçivəsində bu məsələyə etiraz etmir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, belə məsələlərin bir hissəsi birbaşa İslamdan qaynaqlanmır: “Ayaqqabının məscidin içinə aparılması məsələsinə gəldikdə isə bunun dinlə əlaqəsi yoxdur. Din eyni zamanda, mədəniyyət və əxlaq məsələsidir. İbadətlərin əsas məqsədi də məhz budur. Əgər kimsə məscidə gəlirsə və burada xoşagəlməz hansısa əməl törədirsə, onun məscidə gəlməsinə ehtiyac yoxdur. İmanla bərabər əməlin olması vacibdir. Təəssüf ki, bir sıra hallarda belə məsələlərlə rastlaşırıq”.

Xəbərlər