Cəmiyyət 20 Sentyabr 2022, 15:07 | Baxış sayı: 122
““Göyçə-Zəngəzur Respublikası” adlı bir təsisatı rədd edirəm"

“Bu günlərdə mətbuatda və sosial şəbəkələrdə sürətlə paylaşılan “Göyçə-Zəngəzur Respublikası” adlı təşkilat əqidəsi, məqsədi bilinməyən və qaranlıq mənbələrdən qaynaqlanan bir qrup insan tərəfindən Türkiyədə elan edilib. Bu təşkilatı yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən fəaliyyətləri ilə həm Türkiyəyə, həm Azərbaycana, həm də bu iki qardaş dövlət arasında strateji müttəfiqliyə kölgə salmaq niyyətindədir. Hesab edirəm ki, “Göyçə-Zəngəzur Respublikası”nı elan etmək yalnız düşmənlərimizin dəyirmanlarına su tökmək və onların planlanlarına uyğun hərəkət etməkdir. Bəli, hər kəsə məlumdur ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyev neçə illərdir ki, ən mötəbər kürsülərdə və ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bütün dünyaya bəyan edib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat xatırladıb ki, Prezident, hətta 2020-ci ilin fevralında Münhendə keçirilən Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla debatda son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarının zaman-zaman necə ermənilərə verilməsini tarixi faktlar və hüquq çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırıb: “Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirib. Möhtərəm Prezidentimizin səsləndirdiyi bu fikirlər Qarabağ, Gəncə, Şəki, Bakı, Qazax, Lənkaran Azərbaycanın bir parçası olduğu kimi, Göyçə də, İrəvan da, Zəngəzur da Azərbaycanın ayrılmaz parçası anlamındadır. Bu mənada, “Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi tamamilə yalnış bir addımdır və bu təşkilatın arxasında  sağlam əqidəli qüvvələr ola bilməz. Təşkilatın təsis edilməsi  Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu  iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılmasını Azərbaycanın beynəlxalq aləmdə qazandığı imic, böyük uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, əldə edilən möhtəşəm Zəfər fonunda hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar. Bildiyimiz kimi, xaricdə hələ də məğlubiyyətini qəbul etməyən dünya erməniliyi sakit dayana bilmir. Onlar respublikamızın sərhədlərində vaxtaşırı hərbi təxribatlar törətməklə kifayətlənmir. Vandal erməni qrupları, hətta bir sıra xarici ölkələrdəki səfirliklərimizə basqın və hücüm edirlər. Eyni zamanda, ölkəmizin daxilində olan “5-ci kolon”, milli satqınlar və milli xainlərin  şərəfli, şanlı Milli Ordumuzun erməni təxribatının qarşısının alınmasını “təcavüz” adlandırmaları çox maraqlı və düşündürücü suallar doğurur. Hesab edirəm ki, bütün bunlar ölkəmizə, Azərbaycan və Türkiyəyə, eləcə də iki ölkənin strateji müttəfiqliyinə qarşı bir mərkəzdən idarə edilən, bir neçə istiqamətdə həyata keçirilən və ictimaiyyəti çaşdıran çirkli kampaniyalardır”.

 

M.İbrahimqızı deyib ki, bu, dövlət siyasətinə və dövlətçiliyə qarşı yönəlmiş bir addımdır: “Belə olan halda Göyçə-Zəngəzurun “respublika” elan edilməsi çox böyük siyasi səhvdir. Bir daha deyirəm, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. 1988-1989-cu illərdə 300 minə yaxın soydaşımız erməni işğalı nəticəsində doğma yurdlarında etnik təmizləməyə, soyqırıma, deportasiyaya məruz qalaraq didərgin olub. Hesab edirəm, bu insanlar etdikləri səhvin, yanlış yolun başlanğıcında, ortasında da olsalar, geri qayıtmalıdırlar. Bununla bərabər müvafiq qurumlar belə qaranlıq və çirkli niyyətin arxasında dayanan qüvvələri müəyyən edəcək”.

 

Deputat əminliklə bildirib ki, Azərbaycan ictimaiyyəti “Göyçə-Zəngəzur Respublikası”nın “yaradıcıları”nın qaranlıq məramlarını çox doğru dəyərləndirəcək: “Azərbaycan ictimaiyyəti ağı qaradan seçməyi bacarır və Göyçənin, Zəngəzurun, İrəvanın Azərbaycanın tarixi torpağı və Vətənimizin  bir parçası olduğunu bilir. Bu torpaqların hansı hissəsindəsə qondarma bir dövlət və respublika qurmaq niyyəti yalnız Azərbaycanı sevməyən qüvvələrin işidir.  Müzəffər Ali Baş Komandanımız, dövlət başçımız cənab İlham Əliyevin apardığı siyasəti izləyən, onu dəstəkləyən azərbaycanlı heç vaxt belə hərəkət etməz. Tarixi ədalətsizlikdən qaynaqlanaraq Azərbaycanın bir parçası olan bu torpaqlar zaman-zaman Azərbaycan xalqından qeyri-qanuni şəkildə alınıb mənfur ermənilərə verilib. Bu qüvvələrin təhlükəli fəaliyyətini qətiyyətlə rədd edir və bütün ictimaiyyəti də buna çağırıram. Hesab edirəm, Türkiyə ictimaiyyəti bu insanların hansı məqsədə xidmət etdiyini doğru dəyərləndirəcək.  Bir daha bir ziyalı və Qərbi azərbaycanlı kimi “Göyçə-Zəngəzur Respublikası”nı və onu təsis edənləri rədd edirəm”.

Xəbərlər