Cəmiyyət 3 İyun 2022, 13:22 | Baxış sayı: 166
"Gömrük məsələsini emosiyasız, sakit formada araşdırmaq lazımdır".

“Gömrüyün ləğvi məntiqsiz təklifdir. Bu, dövlətin işidir. Dövlət özü qərar verir ki, hansı üsulla hansı formada idarəetmə milli maraqlara uyğundur. BMT-də qeydiyyatdan keçən dünyanın 210 ölkəsində gömrük var. Bu, vacib orqandır. İqtisadi blokun bel sütunlarından biridir. Fiskal orqandır. Həmçinin ölkənin içində bazar mühitini tənzimləyən, nəzarət edən, dövlətin iqtisadi siyasətini həyata keçirən qurumdur. Bu, birmənalıdır. Milli Məclisə də gömrüklə bağlı şikayətlər gəlir. Mən özüm də bu barədə eşitmişəm. Məsələn, Türkiyədən paltar gətirən şirkətlər deyirlər ki, 300 dollara qədər rüsumsuz mal gətirmək məsələsi onlara sərf etmir. Müraciət ediblər ki, bu məbləği endirib 50 dollar edək. Çünki insanlar Türkiyədən kifayət qədər geyim məhsulları alır. Onlar isə deyirlər ki, biz sata bilmirik və məcbur qalıb məhsulu 700-1000 manata satırıq. Satma, əlavə elə bir xidmət göstər ki, insanlar sizin mağazadan gəlib məhsul ala bilsin. Mən tacir deyiləm, bunu necə etmək lazım olduğunu deyə bilmərəm. 50 dəst paltar gətirən kampaniya varsa, 10 milyon insan 50 nəfərin marağını güdməlidir? Bu, gülməlidir, belə şey yoxdur. Olmayıb, ola da bilməz. Bəziləri isə deyir ki, 300 dollar limit azdır, 1000 dollar olsun. Guya bunun hesabına orta sinif formalaşsın. Belə məntiqsiz təkliflər də olur. Bu dövlətin maraqları, vergi sistemi, fiskal siyasət var, nəzərə almaq lazımdır".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, turistlər bütün dünyada bu sistemdən narazıdır: “Amma bu, dövlətin funksiyasıdır. Axı hərcmərclik olmaz. Narazı olan sahibkarlara təklif edirəm, Milli Məclisə müraciət etsinlər. Müraciətlərə baxırıq, cavablandırırıq. Elə məsələ ola bilər ki, onları komitəyə dəvət edə bilərik. Orda bu məsələyə baxaq. Əlbəttə, Dövlət Gömrük Komitəsinin də nümayəndəsini dəvət edib, fikirlərini dinləyəcəyik ki, baxaq görək, həqiqət, ədalət haradadır? Təbii ki, hardasa ortadadır. Bir az tarazlıq pozula bilər. Amma son 3-4 ilin islahatlarından görünür ki, kifayət qədər dəyişikliklər var. Məsələni emosiyasız, sakit formada araşdırmaq lazımdır. Millət vəkilləri hər zaman hazırdır. Əgər düşünürsə ki, sahibkar özü haqlı, DGK haqsızdır, versin məhkəməyə, məhkəməni qazansın. Həmişə təklif etmişəm ki, gəlin birgə yığılıb müzakirə edək, DGK sədri ilə əlaqə saxlayım".

Xəbərlər