Plenar iclaslar, Qanun Layihələri 3 Dekabr 2021, 15:24 | Baxış sayı: 338
Gələn ilin dövlət büdcəsində xərc istiqamətləri üzrə dəyişikliklər məlum olub

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşunda xərclərlə bağlı dəyişikliklər məlum olub.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihənin müzakirəsi zamanı bildirib ki, deputatların çıxışları əsasında dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Belə ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 mln. 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:

- 76,0 milyon 800 min manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün, bundan sosial müdafiə xərclərinin artımı 76,0 mln. 462,0 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək:

-70 milyon 527 min manat Hüquq Mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;

-15 milyon 363 min manat Rabitə və Nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökumət Buludun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

- 5 milyon 369 min manat mənzil-kommunal təsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatı və əsaslı təmiri xərclərinin artırılmasına;

- 2 milyon 642 mn manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə, bundan 1 milyon 500 min manatı yeni rəsmiləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (Yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcək.

- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.

- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir, bu da Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyətinin maliyyələşdirilməsilə əlaqəlidir.

 

2022-ci ilin icmal büdcəsinin gəlirləri və xərclərində də dəyişiklik edilib.

Bu dəyişiklik əsasən əmək haqlarının artımı ilə bağlı Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 8,0 milyon manat artması, buna müvafiq olaraq Muxtar Respublikanın xərclərinin həmin məbləğ qədər artırılması ilə bağlıdır. Artım nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 577,6 milyon manat təşkil edəcək. Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq. Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (İcmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur.

Xəbərlər