Cəmiyyət 21 İyun 2023, 14:30 | Baxış sayı: 139
"Gədəbəydə yaşlı qadınlar polislərə daş və kəsəklə hücum etməyə cəhd ediblər..."

"Azərbaycan polisi ictimai təhlükəsizliyə qarantıdır. Hər bir polis qanuna uyğun şəkildə öz fəaliyyətini aparır. Təbii ki, polislər də fərddən ibarətdir. Hansısa, bir polisin dəfələrlə qanun pozuntusunu etməsi, səlahiyyətlərindən artıq hansısa bir hərəkəti etməsi faktları olub. Təbii ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi də bu sahədə müvafiq işlər görüb".
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Gədəbəydə baş verən son olayları şərh edərkən deyib.  

Deputat bildirib ki, Azərbaycan polisi bir çox sahələrdə təhlükəsizliklə, asayişin qorunmasıyla bağlı öz üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib:

"Birinci və İkinci Qarabağ müharibəsində kifayət qədər polislərdən olan şəhidlərimiz, qazilərimiz,  Milli Qəhrəmanlarımız var. Gədəbəydə baş verən məlum hadisədə də təbii ki, polis öz üzərinə düşən vəzifəni yerinə yetirib. 

Təəssüf ki, Gədəbəydə yaşlı insanlar və qadınlar polislərə daş və kəsəklə hücum etməyə cəhd ediblər ki, bu da xoşagələn hal deyil. Bunun erməni seqmentlərində də işıqlandırılması bizə heç bir başucalığı gətirmir. Biz bunun olmasına təəssüflənirik. 

Həmin hadisədə düşünürəm ki, polis öz vəzifəsini yerinə yetirib. Əgər orada hər hansı polisin artıq hərəkətləri olubsa, mən əminəm ki, DİN rəhbərliyinin özü həmin polis əməkdaşı barəsində ölçü götürəcək. 

Ümumi baxsaq, bu məsələlər arzu olunan deyil. Ancaq bilməliyik ki, ictimai asayişin təmin olunması üçün polisin hüquq və vəzifələri var, bu vəzifələri də mütləq yerinə yetirməlidirlər".

Xəbərlər