Plenar iclaslar 2 Dekabr 2022, 12:45 | Baxış sayı: 170
“Fransanın hər hansı bir formatda yer alması Azərbaycan üçün “olmazsa-olmaz” məsələsi kimi baxılacaq”

“Fransa Erməni Assambleyası Azərbaycanı təcavüzkar adlandıran və sanksiyalarla hədələyən qətnamə qəbul etdi. Bundan əvvəl Senat da belə bir qətnamə qəbul etmişdi. Hər ikisi də hardasa yekdilliklə. Təbii ki, Fransanın bizə açıq düşmənçilik mövqeyi göstəməsinin və 256 xoruzun 44 günlük savaşda məğlub etdiyimiz toyuqlarını dəstəkləmək üçün çıxardığı qərarın İranın Qafandakı konsulluğunu bacasından çıxan tüstü qədər Azərbaycan üçün əhəmiyyəti və təsiri olmayacaq. Ona görə də bu kimi qərarları daha soyuqqanlı qarşılamalı və xeyrimizə işləyən variantlar üzərində düşünməliyik. Xeyrimizə olan nədir? Bütün hallarda bir çox dövlətlər Ermənistana nə qədər rəğbət bəsləsələr də, irəlidə bütün danışıqların subyekti birmənalı şəkildə Azərbaycan olmalıdır. Baxın ABŞ və Rusiya da ermənilərin xeyrinə çalşır, ancaq gələcək danışıqlarda kənarda qalmamaq üçün bu cür münasibətləri kəsəcək addımlar atmırlar. Ən azı açıqlamalarda müəyyən dərəcədə balansı saxlamağa çalışırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa qeyd edib ki, Fransa artıq düşmən dövlət olduğuna görə Azərbaycanın Avropa Birliyi, Rusiya və ya ABŞ-ın iştirakı ilə sülh üçün aparacağı hər hansı bir vasitəçilik müzakirələrində birmənalı kənarda saxlanacaq: “Necə ki, Avropa Birliyi ilə müzakirələrdə Makronun iştirakı tələbinə Azərbaycan Prezidenti haqlı olaraq rədd cavabı verdi və müzakirələr kəsildi. Əslində bu addımı ilə Fransa Avropa Birliyinin Rusiya qarşısında mövqeyinə öldürücü zərbə vurmuş oldu. Artıq Fransanın hər hansı bir formatda yer alması həmişə Azərbaycan üçün “olmazsa-olmaz” məsələsi kimi baxılacaq. Necə ki, İran atdığı düşmənçilik addımı ilə bizim İsraillə əməkdaşlığımızı ən yüksək səviyyəyə qaldırdı. İllər öncə Türkiyənin də üzərində bir soyqırım kabusu dolanırdı. ABŞ-dan tutmuş Fransaya qədər hamısı həvəslənib bir-birinin mətnini təkrarlayan qərarlar qəbul etdilər. Nə oldu? Türkiyə ondan sonra bölgədə və dünyada öz gücünü daha da artırdı. Silah embarqosu qoydular, əvəzində özü ən modern silahlar istehsal edərək milli maraqlarını qətiyyətlə qorumağa davam etdi. Bir şey unudurlar ki, biz xarakterdə olan dövlətlər üzərinə nə qədər ədalətsiz hücumlar olacaqsa, nə qədər üzərimizə bu cür xoruzlanacaqlarsa, o halda daha qətiyyətlə öz milli marağımız uğrunda dirənişimizi göstərəcəyik”.

 

Xəbərlər