Siyasət 4 İyul 2023, 15:52 | Baxış sayı: 170
“Fransada AzTV-nin əməkdaşlarına hücum edilməsi barbarlığın və özbaşınalığın nəticəsidir”

“Fransada çəkiliş zamanı AzTV-nin əməkdaşlarına hücum edilməsi barbarlığın və o ölkədə baş alıb gedən özbaşınalığın nəticəsidir. Bu, azad mətbuata, azad sözə təcavüzdür. Bu gün özünü dünyada “demokratiyanın beşiyi” adlandıran, insan haq və hüquqlarından danışan Fransada belə bir hadisənin yaşanması göstərir ki, Fransa dövləti təxribatla, terrorla əlbirdir. Bu, artıq Parisin dövlət siyasətinə çevrilib. Çünki biz bunu Azərbaycana münasibətdə uzun illərdir, görürük. Azərbaycan torpaqları 30 il düşmən tapdağı altında qaldı. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi heç vaxt haqq-ədalətin yanında olmadı. Azərbaycanın düşdüyü vəziyyəti bir dəfə də dilə gətirmədi. Əksinə, təxribatçıların, təcavüzkarların mövqeyindən çıxış etdi, Azərbaycana qarşı təsir mexanizmlərini işlətməyə çalışdı. Bu, dünən də belə idi, 44 günlük müharibə dövründə də belə oldu, bu gün də eyni şey baş verir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Heç bir yerdə jurnalistlərə bu qədər təsirlər olmur. AzTV əməkdaşlarının Fransada döyülməsi, kameralarının əllərindən alınması, onlara qarşı edilən təcavüz beynəlxalq hüquq normalarına təhqirdir, sayğısızlıqdır. Fransa dövləti bununla bağlı cavab verməlidir. Bu, birinci hal deyil. Azərbaycan səfirliyinə hücum, eləcə də Azərbaycan diasporunun üzvlərinə qarşı təqiblər və son baş verən hadisə bir daha deməyə əsas verir ki, Fransa bizimlə düşmən mövqeyindədir, bu siyasətini davam etdirməkdədir. Əlbəttə, Azərbaycan xalqı bundan narahatdır və baş verənləri pisləyir. Beynəlxalq təşkilatlar buna öz münasibətlərini bildirməlidirlər. Hadisəyə səbəb olanlar cəzalarını almalıdırlar”

Pravda.az

Xəbərlər