"Fransa və digər dövlətlər imkan versələr, danışıqlar sülh müqaviləsinə gətirə bilər"
Xəbər verdiyimiz kimi, 27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Onlar Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların heyətləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi" üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Görüşü şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, Fransa və digər dövlətlər əgər imkan versələr, danışıqlar sülh müqaviləsinə gətirə bilər.
"Əslində bütün hallarda bizim danışıqlardan başqa yolumuz yoxdur. Yəni danışıqlar davam etməlidir və danışıqların davam etməsi çox təqdirəlayiq bir haldır. Cənab Prezidentin apardığı siyasət nəticəsində bu gün Avropa İttifaqı, Rusiya, Amerika Birləşmiş Ştatları bu prosesə töhfə vermək üçün sanki rəqabətə giriblər və bu baxımdan da bu dəfəki görüş də önəmlidir. Amerikanın bilavasitə iştirakı ilə aidiyyəti qurumlarının nümayəndələrinin dövlət katibi Entoni Blinkenin dəvəti ilə belə bir görüşün keçirilməsi çox önəmli və vacibdir. Danışıqda da qeyd olunduğu kimi, bir sıra məsələlər ətrafında konkret razılıq əldə olunub. Hesab edirəm bu da çox önəmlidir ki, biz çətin də olsa, zaman-zaman müəyyən məsələlərə gəlirik. Əslində, yəni bizim yekun sülh müqaviləsi imzalamaqdan başqa yolumuz yoxdur. Yəni söhbət bölgəyə sülhün gəlməsi üçün atılacaq addımlardan gedir. Amma zaman-zaman Ermənistanın da biz təxribatını görürük. Mən inanıram ki, mərhələli şəkildə yavaş-yavaş biz müəyyən bir sənədin imzalanmasına gəlib çıxa biləcəyik. Ümumilikdə çox ağır, mürəkkəb prosesdir. Düşünürəm ki, bir yerdə onun öhdəsindən gələ bilərik",- deyə deputat bildirdi.