“Fransa sülhü pozmaq üçün masada oturur”
“Fransa Senatının sədri erməni həmkarı ilə görüşdən sonra öz şəxsi hesabında destruktiv mövqe paylaşaraq Laçın yolunun təcili açılması tələbini irəli sürüb. Bu, azmış kimi Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsi yönündə çağırışlar da səsləndirib. Bu, açıq şəkildə Brüsseldə əldə olunan müəyyən irəliləyişlərə kölgə salmaqdır”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, sonuncu görüşlərdə Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etdiyi halda Fransa rəsmiləri “kiçik bacı”nı revanşizmə cəsarətləndirir:
“Məsələ burasındadır ki, Fransa rəsmiləri reallığı təhrif etməklə məşğuldur. Çünki Laçın yolu bağlı deyil, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə gün əvvəl qəbul etdiyi qərarında da Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbi rədd edilir. Məhkəmə də nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olmadığını təsdiqləyir. Fransa Senatının sədrinə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və üzvlər adından ünvanlanan müraciətdə də Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün mühitin yaradılmasına heç bir faydası olmayan bəyanatlardan çəkinmək çağırışı əks olunub. “Təhlükəsizliyin müdafiəsi” adı altında silah dəstəyi isə bölgədə yeni eskalasiya niyyətinin göstəricisidir. Bu yanaşma sülh prosesi istiqamətində aparılan danışıqlarla ziddiyyət təşkil edir”.
K. Nurullayeva payızda yenidən Fransa və Almaniyanın iştirakı ilə keçiriləcək beştərəfli görüşə diqqət çəkib:
“Dayanıqlı sülhün müzakirə olunduğu danışıqlarda təmsil olunan tərəflər ən azı bu istiqamətdə təşəbbüs göstərməlidirlər. Amma Fransa prezidenti başda olmaqla digər yüksək vəzifəli şəxslər sülhə yox, müharibəyə yönəlik mövqedən çıxış edirlər. Belə olan halda 5 tərəfli görüşdə müsbət nəticə əldə olunmasına da ümidlər tükənir. Fransa məhz sülhü pozmaq üçün masada oturur. Bu mənada Brüssel və Vaşinqton rəsmi Parisə təpki göstərməlidir”.
editor.az