"Fransa Qarabağdakı separatçıların vəkili qismində çıxış edir"
“Qərbi Azərbaycan İcmasının Fransaya çağırışında kifayət qədər əsaslı arqumentlər var. İlk növbədə qeyd etməliyik ki, özünü demokratiya dəyərlərinin təbliğatçısı hesab edən Fransanın insan hüquqlarına zidd davranışları haqlı narazılıq yaradır. İndiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistemli irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Könül Nurullayeva Qərbi Azərbaycan İcmasının Fransaya çağırışları kontekstində mövqeyini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Cənubi Qafqaz regionunda proseslərə müdaxilə edən Fransa Qarabağdakı separatçıların vəkili qismində çıxış edir:
“Fransa hətta həmsədr olduğu dövrdə də hüquqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin durumuna laqeyd yanaşırdı. Bu gün də postmünaqişə dövrünün reallıqlarını həzm edə bilməyən Fransa bu bölgədə pozucu fəaliyyətlə məşğuldur. Məlumdur ki, Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan addımları həm də beynəlxalq sülh və təhlükəsizliyə təhdid törədir. Məhz buna görə bu təhlükənin aradan qaldırılmasında Fransa tərəfindən nəinki cəhd görmürük, əksinə Paris bu və ya digər səviyyədə Ermənistanın destruktiv mövqeyini dəstəkləyir. Yəni, onun cinayətlərinə bir növ ortaq olur. Qarabağdakı separatçıları dəstəkləməkdənsə, Fransa öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtmalarının təmin edilməsinə dəstək verməlidir”.
K. Nurullayeva qeyd edib ki, Fransa islamofob mövqeyindən əl çəkməlidir: “Bu ölkənin tarixi müstəmləkəçilik siyasəti, hazırkı hökumətin yürütdüyü irqçi təfəkkür qəbulolunan deyil. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. Müasir fransız cəmiyyətinə süni şəkildə təlqin edilən “bərabərlik”, “dünyəvilik” şüarlarına güvənərək ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmur. Müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir. Bu ölkənin Ermənistanla isti münasibətləri də elə bu kontekstdə şərh olunmalıdır. Ümumiyyətlə, Fransanın postmünaqişə dövründəki davranışları bölgədə vəziyyəti gərginləşdirməyə yönəlib. Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın. Təbii ki, Azərbaycan heç bir halda bu vəziyyətlə barışmayacaq. 44 günlük Vətən müharibəsi zamanı da Fransa BMT-də bizə qarşı təşəbbüsü ələ almışdı. Sadəcə, Qoşulmama Hərəkatına üzv olan ölkələrin iradəsi onların bu planını fiaskoya uğratdı.
Yəni, Fransanın mövqeyi hər zaman qərəzli və ermənipərəst olub. Ona görə də rəsmi Paris vasitəçiliklə bağlı şansını tamamilə itirib. Amma özünü “insan haqlarının təbliğatçısı” hesab edən bir ölkə hüquqları pozulmuş azərbaycanlıların məsələsinə də obyektiv və ədalətli yanaşmalıdır”.
Millət vəkili Fransa-Azərbaycan arasında ikitərəfli münasibətlərə də toxunub: “Prezident İlham Əliyev də hər zaman bəyan edib ki, bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq. Yəni, Bakı ilə ikitərəfli münasibətlərin normallaşdırılmasında artıq bütün məsuliyyət rəsmi Parisin üzərinə düşür”.