“Fransa dövlətinin demokratik təsisatlarını, quruluşunu təcavüzkarlara, terrorçulara satırlar”
“Fransa dövlətinin və senatının Azərbaycan əleyhinə apardığı yalan, böhtan kompaniyası getdikcə sürətlənir və bu nəinki xalqımızda, eləcə də hadisələrə ayıq başla yanaşan, reallıqları qiymətləndirən fransızlarda belə ikrah hissi doğurur. Ölkəsində ictimai - siyasi sabitliyi bərpa edə bilməyən, xalqın qəzəbinə tuş gələn Fransanın hakimiyyət dairələri, deputatları öz ölkələrinin problemlərini aradan qaldırmaq, insanların etimadını doğrultmaq əvəzinə, ermənilərin əlində oyuncağa çevrildiklərini nümayiş etdirir, təcavüzkarlara bəraət qazandırmaq, onlara arxa olmaq üçün dəridən - qabıqdan çıxırlar. Bu günlərdə ermənilərin sifarişi ilə Fransa senatının keçirdiyi konfrans nəinki anti - Azərbaycan xarakterli olması ilə, eləcə də fransalı deputatların mənəviyyatsızlığını, ikiüzlülüyünü, şərəfsizliyini qiymətləndirmək baxımından səciyyəvi idi. Senat bu konfransı keçirməklə bir daha sübut etdi ki, o milli mənafelərə, demokratiyaya, insan hüquqlarının qorunmasına, haqqın - ədalətin bərpasına deyil, ayrı - ayrı şəxslərin, erməni milyarderlərin puluna, varına arxalanır və Fransa dövlətinin demokratik təsisatlarını, quruluşunu təcavüzkarlara, terrorçulara, maddiyat sahiblərinə satırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.
“Bu üzdəniraq “konfrans” ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin aprelin 4 - də qəbul etdiyi bəyanatda bir daha bildirilmişdirdir ki, “Fransa parlament üzvlərinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə şirnikləndirən davranışı siyasi riyakarlığın ən barış təzahürüdür”. Əlbəttə bu satqınlıq, riyakarlıq, beynəlxalq hüquq normalarına hörmətsizlik, ilk növbədə Azərbaycanın suverenliyinə, dövlət mənafelərinə xəyanətdir. Bütün bu amillər isə Fransa Prezidenti Emmanuel Makronun çirkin əməllərindən, anti - Azərbaycan mövqeyindən qaynaqlanır. Fransa Prezidenti və Senatın belə məkrli məqsədlərlə çıxış etməsi Azərbaycanın imicinə, beynəlxalq aləmdə qazandığı uğurlara, düşmən üzərində tarixi qələbəsinə kölgə salmağa cəhd göstərməsi birinci dəfə deyil və bu əməllər sözsüz ki, dövlətimizə qarşı əhəmiyyətsiz təsirdən başqa bir şey ola bilməz. Çünki həyata keçirilən bu tədbirlərin - qəbul edilən qətnamələrin, təşkil olunan konfransların, verilən bəyanatların, edilən çıxışların heç bir hüquqi əsası yoxdur və onlar reallıqları əks etdirmir. Bu gün Azərbaycan heç bir ölkənin ərazisini işğal etməmişdir. Qarabağ erməniləri blokadaya alınmamışdır. Laçın dəhlizi humanitar məqsədlər üçün açıqdır. Azərbaycan öz sərhədlərinin toxunulmazlığı, ərazisində olan erməni silahlı qruplaşmaların neytrallaşdırılması, Qarabağa silah - sursat, hərbi qüvvələrin daşınmasının qarşısının alınması uğrunda mübarizə aparır və bu onun haqqıdır. Fransa dövləti bir həqiqəti dərk etməlidir və bilməlidir ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə, ordusunu möhkəmləndirməklə, bir çox mühüm layihələrə imza atıb beynəlxalq aləmdə nüfuz qazanmaqla, xalqın birliyinə nail olmaqla öz torpaqlarını 30 ildən sonra erməni təcavüzkarlarından azad etmişdir. Bu illər ərzində Azərbaycan xalqı, dövlətimizin rəhbəri cənab İlham Əliyev çox böyük əzablara - əziyyətlərə tablamış, güclü-qüdrətli bir dövlət yaratmışdır. Bu dövlətin şücaəti, mübarizliyi 44 günlük müharibə günlərində bütün dünyaya məlum oldu. Oğul və qızlarımız torpaq uğrunda canlarını qurban versələr də bir an mübarizədən geri çəkilmədilər. Erməni ordusunda 11 min fərari olduğu halda, Azərbaycan ordusunda bir nəfər də geri çəkilmədi, döyüşlərə atılmaqdan qorxmadı. Prezidentimizin çağırışı ilə ölkə vətəndaşları bir yumruq kimi birləşdi və qələbə qazandı. Erməni əsgər və zabitləri isə bir-birlərinə xəyanət etdilər, bir -birilərini öldürdülər, səngərlərini qoyub qaçdılar, analarını - bacılarını ağlar qoydular, ordunu taladılar, bir-birlərinə qənim kəsildilər. Hakimiyyətdə olanlar, Ermənistana rəhbərlik edənlər də onlardan geri qalmadılar. Dövlət rəhbərlərinin hər biri ayrı - ayrı ölkələrə sığındılar və bu gün də başqa dövlətlərin kölgəsi altında öz xəyanətkar əməllərini davam etdirirlər. Xalqı satırlar, əzirlər, qula, köləyə döndərirlər. Fransa isə belə xəyanətkar bir dövlətə, millətçi təcavüzkar rəhbərlərə himayədarlıq edir. Əlbəttə bu canıyananlıq deyil, erməni xalqını qumara qoyub Cənubi Qafqazda möhkəmlənmək, müəyyən nüfuz əldə etmək istəyidir. Ancaq fransızlar bilməlidirlər ki, bu artıq mümkün deyil. Onlar riyakar, sahibini satan, hər vaxt xəyanətkar yolunu tutan Ermənistana bel bağlamamalı, etibar etməməlidir. Çünki Rusiya kimi satılacaqlar, Azərbaycana, Türkiyəyə, Gürcüstana, Ukraynaya düşmən kəsildikləri kimi ermənilər bir gün də Fransaya düşmən kəsiləcəklər, onun torpaqlarına göz tikəcəklər. Fransalılar həqiqətləri dərk etməli və öz dövlətlərinin gələcəyi barədə düşünməlidilər”, - T.Rzayev qeyd edib.