Siyasət 25 Aprel 2023, 15:48 | Baxış sayı: 243
“Əfqanıstanla əlaqələrin bərpası istiqamətində müəyyən addımlar atılmalıdır...”

İranla gərginlik fonunda Azərbaycanın Əfqanıstanla diplomatik əlaqələr qurması təklif edilir. Bildirilir ki, İranın çəkindiyi, ehtiyatlandığı ölkələrdən biri də məhz Əfqanıstandır.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycan əlaqələrini hansısa dövlətlə münasibətlər əsasında qurmur.

 

Deputat onu da qeyd edib ki, ikitərəfli əlaqələrə bu kontekstdən yanaşmağın tərəfdarı deyil:  “Əslində əvvəlki dövrlərdə Azərbaycan və Əfqanıstan arasında əlaqələr çox yüksək səviyyədə idi. Azərbaycan hər zaman bu əlaqələrin inkişafına maraqlı olub. Əfqanıstanın rəhbərləri Azərbaycanda səfərlərdə olurdular. Düşünürəm, zamanla bu əlaqələrin bərpası istiqamətində müəyyən addımlar atılmalıdır və atılacaq. Azərbaycan İranla əlaqələrin normallaşmasında, gərginliyin azalmasında maraqlıdır. Xarici İşlər Nazirlikləri arasında da bu istiqamətdə müxtəlif müzakirələr gedir. Hesab edirəm, bütün müsəlman ölkələri ilə normal münasibətlərimizi qorumalı, heç bir ölkənin daxili işinə qarışmamalıyıq. Eyni zamanda, heç bir ölkə də Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Yanaşmamızda bunu sərgiləyirik. “Hansısa dövlətlə qarşıdurma olduğu üçün gedib həmin ölkədə səfirlik açmalı, yaxud münasibətimizi buna görə tənzimləməliyik” fikri ilə tam razı deyiləm. Bu kimi məsələlərdə diqqətli olmalıyıq. Ümumiyyətlə, Azərbaycanın yanaşması budur ki, bütün müsəlman ölkələri arasında normal münasibətlər qurulsun, əlaqələr davamlı şəkildə inkişaf etdirilsin. Bizim də mövqeyimiz bu kontekstdə olmalıdır. Ən doğru qərar da budur”.

Xəbərlər