Ümumi 10 Aprel 2023, 16:54 | Baxış sayı: 102
““Formula 1”in Ağdamda təşkil edilməsi hərtərəfli fayda verəcək”

“Əvvəllər təklif etmişdim ki, “Formula 1” yarışını Qarabağda keçirməklə daha çox turist səfərinə nail ola bilərik. Doğrudur, Gəncə də ikinci böyük şəhər olaraq bu yarışların təşkilinin öhdəsindən gələ bilər. “Formula 1”in keçirilməsi üçün Gəncə və ətraf bölgələr də kifayət qədər potensiala malikdir. Lakin zənnimcə, yarışın Ağdamda təşkil edilməsi bizə hərtərəfli fayda verəcək. Bununla da həm Qarabağın turizm potensialı ilə tanışlığa, həm də bu torpaqların Azərbaycan toprağı kimi tanınmasına daha çox nail olacağıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Gəncə şəhər 38 saylı Kəpəz seçki dairəsini təmsil edən deputat Müşfiq Cəfərov deyib.

 

“Təəssüf ki, hələ də Qarabağ və ətrafında baş verənləri dünyaya başqa cür çatdıran qüvvələrin mövcudluğu danılmazdır. Bu səbəbdən də biz beynəlxalq tədbirlərin və yarışların Qarabağda keçirilməsinə nail olduqca beynəlxalq ictimaiyyəti də düzgün məlumatlandırmış olacağıq. Bir sözlə, artıq “Formula 1” yarışlarının Bakıdan kənarda keçirilməsinin vaxtı çatıb. Paytaxtın yollarındakı vəziyyət hər kəsə məlumdur, “Formula 1” isə perspektiv əhəmiyyətli yarışdır. İstər iqtisadi, istərsə də biznes baxımdan bu tip yarışlar ölkəmizə faydalıdır”, - deputat bildirib.

Xəbərlər