Cəmiyyət 14 İyun 2022, 15:40 | Baxış sayı: 218
"“Formula 1”də ən ciddi diqqət edilən məqamlardan biri təhlükəsizlik məsələsidir".

“Qran-pri yarışları dünya çempionatının bir hissəsidir, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən müəyyən edilmiş texniki standartlara, tələblərə, bütün qayda-qanunlara uyğun keçirilir. “Formula 1” yarışında iştirakçı komandalar Qran-pridə öz istehsalları olan yarış avtomobillərindən istifadə edirlər. Komandanın vəzifəsi təkcə sürətli və təcrübəli sürücünü göstərmək deyil, eyni zamanda avtomobilin necə qurulduğunu, onun necə texniki xidmətə sahib olmasını mütləq şəkildə tamaşaçıya nümayiş etdirməkdir. Ümumiyyətlə, “Formula 1”də ən ciddi diqqət edilən məqamlardan biri təhlükəsizlik məsələsidir. Burada trasın təşkil olunmasına, pilotların təhlükəsizliyinə böyük önəm verilir. İstər avtomobil, istər traslar xüsusi qəza testlərindən keçməzsə, yarışlar başlaya bilməz. 1994-cü ildə pilotlar Ayrton Senna və Roland Ratzenbergerin trasda həlak olmalarından sonra bu proses daha da ciddiləşib. Bakıda keçirilən Qran-pri yarışlarında da xüsusi geyimdən tutmuş hər bir məsələyə çox ciddi riayət olunur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, “Formula 1”də xüsusən pilotların təhlükəsizliyinin təminatı vacibdir: “Bu yarışda sürət 200-dən daha çoxdur. Yarış başlamazdan öncə bütün traslar yoxlanılır. Ölkəmizə nə qədər turist gəlməsi ilə bağlı statistikanı, həmçinin bu yarışın Azərbaycan üçün nə qədər əhəmiyyət kəsb etməsini təşkilatçılar daha yaxşı bilirlər. Ən ciddi əhəmiyyət kəsb edən məsələ kubokda Şuşanın Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərinin əks etdirilməsidir. Əlbəttə, bu, kiməsə xoş gəlməyə bilər. Lakin bütün xarici tursitlər, idmançılar, bloqerlər, təhlil aparan mütəxəssislər yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlıq etdilər. 2017-ci ildən başlayaraq “Formula 1” davam edir. Düzdür, yarış 2020-ci ildə pandemiyaya görə keçirilmədi. 2021-ci ildə isə tamaşaçısız keçirildi. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan belə bir ciddi idman növünün keçirilməsinə ev sahibliyi etdi. Bu, Azərbaycanın dünyada daha da tanınması üçün atılan ən ciddi addımlardan biridir. Kimlərsə bundan narazı ola bilər, lakin fakt öz faktlığında qalır”.

Xəbərlər