"Formula 1 yarışının daha 3 il uzadılması ölkəmizə turistlərin cəlb edilməsi baxımından önəmlidir"
"Ölkəmizdə Formula 1 kimi beynəlxalq yarışların keçirilməsinin əhəmiyyəti olduqca böyükdür".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu cür yarışlar ölkəmizin dünyada tanıdılması, nüfuzunun artırılması, Azərbaycana marağın daha da artırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu gün beynəlxalq yarışlar vasitəsilə biz Azərbaycana turizm baxımından marağın daha çox artdığının şahidi oluruq. Ona görə də Formula 1-ə insanlarımız sadəcə yarış kimi baxmalı deyil. Biz bu oyunlara ölkəmizin tanıdılması və turistlərin cəlb edilməsi baxımından mühüm bir platforma kimi baxmalıyıq.
Düzdür, paytaxtda zaman-zaman tıxaclarla bağlı müxtəlif yanaşmalar olur. Hesab edirəm ki, insanlarımız bu məsələlərdə də səbrli olmalıdırlar.
Çalışmalıyıq ki, dövlətimizi daha da tanıdaq və inkişaf etdirək. Təbii ki, Formual 1 yarışının 2026-ci ilə qədər uzadılması ölkəmizə turistlərin daha da cəlb edilməsi baxımından önəmli olacaq".