Siyasət 30 İyul 2023, 18:15 | Baxış sayı: 151
“FETÖ müxalif kəsimin daha rahat idarə olunmasının mümkünlüyünü görür”

“FETÖ-nün başlıca məqsədi elm, təhsil, həm də mədəniyyət sahələrində təşəbbüsləri ələ almaqla öz ideyalarına, düşüncələrinə uyğun kütlə yetişdirməkdir. Bu kütlə gələcəkdə Qərbin, xüsusilə ABŞ-nin siyasi məqsədlərinə xidmət edən kütlə olmalıdır. Buna görə də təhsil və elm sahəsi təsadüfi seçilməmişdi. FETÖ barədə danışarkən həm də "Soros Fondu"dan danışmaq lazımdır. Bu iki təşkilat və ya istiqamət bir-biri ilə çox sıx bağlıdır, fəaliyyətləri bir-birini tamamlayır. Soros da əsasən təhsil sahəsinə sərmayələr qoyurdu. Təbii ki, sonrakı planları onların təsirləri altına düşən insanlardan siyasi məqsədlər üçün istifadə etmək olub. FETÖ-nün müxtəlif ölkələrdə geniş şəbəkələri mövcud idi və indi də mövcuddur. Onların başlıca məqsədi təzyiq qruplarını formalaşdırmaqdır ki, rejimlərə təsir etsinlər. ABŞ-nin əsas strategiyası nədən ibarətdir? Ayrı-ayrı ölkələrdə ABŞ-yə loyal rejimlər formalaşdırmaq. Məsələn, rəngli inqilablar. Bir sıra post-sovet ölkələrində rəngli inqilablar törədilirdi. Bu inqilablar zamanı guya cəmiyyətin demokratikləşməsi, insan hüquqlarının qorunması istəkləri önə çəkilirdi. Təbii ki, bu, kütləyə cəlbedici gəlirdi...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib.

 

Deputatın sözlərinə görə, rəngli inqilabların baş verdiyi ölkələrə diqqət yetirilsə, görünər ki, yeni formalaşdırılan iqtidarların, dövlət çevrilişləri nəticəsində formalaşan rejimlərin demokratiya ilə heç bir əlaqəsi yox idi: “İnsan hüquqlarını ən kobud şəkildə pozan da belə rejimlər olurdu. Qırğızıstanda, Ukraynada, təcavüzkar Ermənistanda biz bunu aşkar şəkildə gördük. Paşinyan da eyni xətlə - Soros xətti ilə hakimiyyətə gəldi və gələn kimi siyasi opponentlərinə aşkar şəkildə divan tutmağa başladı. Məhkəmə sistemini öz nəzarəti altına almağa çalışdı və buna nail oldu. Digər istiqamətləri də həmçinin. Ermənistanda əsl avtoritar rejim qurdu...”

 

E.Mirbəşiroğlu deyib ki, ABŞ həmişə demokratiya və insan hüquqları məsələləri üzərindən spekulyasiyalarla məşğul olub, kütləni monipulyasiya edib: “Məqsəd isə yalnız Amerikanın, Qərbin maraqlarına xidmət edəcək rejimlər formalaşdırmaq olub. Müxtəlif ölkələrdə də formalaşan belə rejimlər birbaşa Qərbdən asılı olublar. Gürcüstan təcrübəsində də bunu gördük. Bu rejimlər Qərbdən gələn təlimatlar əsasında fəaliyyət qururlar. Öz milli, dövlət maraqları istiqamətində heç bir fəaliyyət göstərmirlər. Çünki bu imkanlara sahib deyillər. Onlara rejimləri formalaşdıranda bu izin verilmir. FETÖ də müxalif kəsimin daha rahat idarə olunmasının mümkünlüyünü görür. Çünki məqsəd nəyin bahasına olursa-olsun, hakimiyyətə sahib olmaq, yiyələnməkdir. Belə olan halda onlar hakimiyyətə müxalif olan qruplarla rahat dil tapırlar”.

 

Deputat vurğulayıb ki, Azərbaycanda "Siyasi partiyalar haqqında qanun" qəbul olunanda əsassız etirazlar baş qaldırdı: “Halbuki qanunun qəbulu bir neçə mərhələli dinləmədən sonra baş tutdu. Təkliflər səsləndirildi, nəzərə alındı. Dinləmələrdən sonra qanunda çox sayda dəyişikliklər edildi. Tam plüralizm şəraitində keçirilən dinləmələrdən sonra qanun qəbul olundu. Amma bu, yenə də marginal qrupları qane etmirdi. Çünki siyasi partiyalar vasitəsilə ölkənin siyasi gündəmini formalaşdırmaq Qərbin köhnə strategiyası idi. Buna görə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların üzvləri gələcəkdə dövlətçiliyə, milli maraqlara zidd fəaliyyət göstərəcəklərsə, kənar qüvvələrin maraqlarına xidmət edəcəklərsə, bunun qarşısını mütləq almaq lazımdır. "Siyasi partiyalar haqqında" qanun əslində ölkəmizə həm də kənar müdaxilə imkanlarını aradan qaldırır. Eyni zamanda siyasi partiyaların deklorativ deyil, həqiqətən də cəmiyyətin siyasi həyatında iştirak etmək, töhfə vermək imkanlarını özündə ehtiva edib. Buna görə də qanuna qarşı narazılıqlar var idi. Xatırlatmaq yerinə düşər ki, elə əsas narazılıq da Qərbdə formalaşmışdı. Bu narazılıqlar ölkəyə bəlli qüvvələr - FETÖ-nün əlaqədə olduğu qüvvələr üzərindən transfer edilirdi. Təlimatlar yenə də kənardan gəlirdi. Təbii ki, yaradıcılıq prosesində də, digər istiqamətlərdəki fəaliyyətimizdə də milli maraqlarımıza, dövlətçiliyimizə, xalqımıza zərər yetirəcək istənilən təşəbbüsün, hərəkətlənməin qarşısını qətiyyətlə almalıyıq”.

pravda.az

Xəbərlər