Siyasət 28 İyul 2023, 14:19 | Baxış sayı: 134
“FETÖ-çülərin Azərbaycana yol açması, ölkədə FETÖ-nün nümayəndələrinin olması gələcək üçün təhlükələr yaradır”

“FETÖ böyük bir şəbəkədir. Bu təşkilatın bir çox xarici ölkələrdə dayaq məntəqələri, nümayəndəlikləri var. Buna görə də FETÖ-nün Azərbaycana yol tapması bir o qədər çətin deyil. Hər birimizə yaxşı məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyalar, QHT-lər xaricdən maliyyə dəstəyi alırlar. Sözsüz ki, bu “maliyyə dəstəyi”nin qarşılığında onlar xarici havadarlarının dediklərinə əməl etməli, Azərbaycan haqqında qarayaxma kampaniyası aparmalı, Azərbaycanın imicinə ziyan vurmaq üçün müəyyən “faktlar” irəli sürməli, bunu dolayı yollarla əsaslandırmalı, üstəlik özlərinə haqq qazandırmalıdırlar. Azərbaycanda da Fətullah Gülənin müəyyən dayaqları olub. Vaxtilə Bakıda türk liseyləri fəaliyyət göstərirdi. Həmin liseylər bilavasitə Fətullah Gülən tərəfindən maliyyələşdirilirdi. Sözsüz ki, onun yetirmələri bu gün Azərbaycanda müxtəlif vəzifələrdə çalışırlar. Eləcə də həmin məktəblərdən məzun olanların bir çoxu xarici ölkələrə yayıldılar, orada müəyyən maliyyə dəstəyi sayəsində müxtəlif mövqe tutdular. Bu adamlar maliyyə dəstəyi alarkən müəyyən öhdəlikləri qəbul etmişdilər və həmin öhdəlikləri yerinə yetirməyə məcburdurlar...”

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” qanun qəbul olunarkən məhz bu motivlərə, arqumentlərə əsaslandırılan maddələr qanuna salınıb: “Mütləq siyasi partiyalar, QHT-lər hesabatlar verməli, hansı ölkədən nə qədər maliyyə vəsaiti daxil olur, hansı məqsədi daşıyır - bunları mütləq şərh etməlidirlər. Qanun gündəmə gələndə bir çox siyasi partiyalar əleyhinə getdilər. Bu da səbəbsiz deyildi. Həmin siyasi partiyaların rəhbərləri məhz sadaladığımız məsələlərə əsaslanaraq “Siyasi partiyalar haqqında” qanunun maddələrinə etiraz edirdilər. Çünki belə olan halda onlar öz maliyyə vəsaitlərinin hesabatını verməli idilər, partiya sıralarında sayları, fəaliyyətləri haqqında müəyyən məlumatlar ortaya çıxmalı idi. Bu gün FETÖ-çülərin Azərbaycana yol açması, burada FETÖ-nün nümayəndələrinin olması gələcək üçün təhlükələr yaradır. Son günlər bir neçə FETÖ-çünün həbs olunması, bəzi faktların ortaya çıxması göstərir ki, indi də onların Azərbaycanda dayaqları çoxdur. Müxtəlif təşkilatlarda fəaliyyət göstərirlər. Dövlət hüquq-mühafizə orqanları bu sahədə çox ciddi tədbirlər görməlidir. Çünki FETÖ-nün əsas məqsədi “Soros Fondu” kimi müxtəlif ölkələrdə hakimiyyəti çevirmək, ona maneələr törətmək, hakimiyyət dairələrində təxribatlar, xoşagəlməz hallar yaratmaqdır. Hüquq-mühafizə orqanlarının bu sahədə apardıqları araşdırmalar, yoxlamalar tam qanunauyğundur. Azərbaycan dövləti öz milli təhlükəsizliyinin təmin olunması üçün bütün vəzifələri yerinə yetirməyə borcludur. Çünki dövlətin, xalqın təhlükəsizliyi bu gün ölkə rəhbərimizi, müvafiq orqanları çox ciddi addımlar atmağa, tədbirlər görməyə məcbur edir. Əlbəttə ki, bu tədbirləri alqışlayırıq. Azərbaycanda 1990-cı illərin ortalarında hökm sürən ictimai-siyasi özbaşınalıqlar Azərbaycan dövlətinin, xalqının həyatına çox ciddi zərbələr vurub. Bu gün də o zərbələrin aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirilir. FETÖ-çülərə qarşı mübarizə hər bir vətəndaşın borcu olmalıdır. Bu, çox təhlükəli cərəyandır. Hüquq-mühafizə orqanlarımız səriştəli, peşəkardır. Qarşıya qoyulan bütün tədbirlər uğurla həyata keçiriləcək”.

pravda.az

Xəbərlər