Ümumi 13 Sentyabr 2023, 15:05 | Baxış sayı: 84
"Fəaliyyəti 5 ildən artıq olan rektorların fəaliyyətinə yenidən baxılmalıdır!"

2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.

 

Fərmanın imzalanmasından 5 ilə yaxın müddət keçir. Ancaq fərmandan əvvəl təyin edilən bəzi rektorlar uzun illərdir bu vəzifələri tuturlar. 5 il qaydası prezidentin qərarından əvvəl təyin edilən rektorlara aid olmasa da, onların fəaliyyəti və vəzifə müddəti zaman-zaman müzakirələrə səbəb olur.

 

Hazırda Azərbaycanda 33 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 10-nun rektoru 2018-ci ildə imzalanan fərmandan sonra təyin edilib. Hələlik həmin rektorların heç biri 5 ilini tamamlamayıb.


Bakı Dövlət Universiteti - Azərbaycanın ilk ali təhsil müəssisəsidir. 2019-cu ildən Elçin Babayev burada rektordur.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Vazeh Əskərov 2023-cu il iyulun 10-dan rektor vəzifəsini icra edir.

Azərbaycan Pedoqoji Universiteti - Pedoqoji kadrların hazırlığı ilə məşğul olan ali təhsil müəssisəsinə 2016-cı ildən Cəfər Cəfərov rəhbərlik edir.
   
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 2018-ci ildən  Ceyran Mahmudova rektorluq edir. 

Azərbaycan Tibb Universiteti -  Tibb profilli ali təhsil müəssisəsinə 2016-ci ildən Gəray Gəraybəyli  rəhbərlik edir.

Azərbaycan Dövlət İqtisad Universiteti - 9 ildir ki, (2014-cü ildən) Ədalət Muradov rektordur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 2015-ci ildən Fuad Hacıyev rəhbərlik edir.

Gəncə Dövlət Universiteti - Yusif Yusibov 2014-cü ildən rəhbərlik edir.
 
Bakı Slavyan Universiteti – 2018-ci ildən Anar Nağıyev rəhbərlik edir.

Azərbaycan Texniki Universiteti - 2019-cu ildən Vilayət Vəliyev rəhbərlik edir.
 
Sumqayıt Dövlət Universiteti – 2014-cü ildən Elxan Hüseynov rektordur.

Naxçıvan Dövlət Universiteti - Elbrus İsayev  2019-cu ildən rəhbərlik edir.

Azərbaycan Dillər Universiteti - 2017-ci ildən Kamal Abdulla rəhbərlik edir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti - Gülçöhrə Məmmədova 1999-cu ildən rəhbərlik edir.
  
Milli Aviasiya Akademiyası - 1996-ci ildən Arif Paşayev rəhbərlik edir.

ADA Universiteti - 2006-ci ildən Hafiz Paşayev rektorluq edir.

Bakı Ali Neft Məktəbi - Elmar Qasımov 2012-ci ildən rektorluq edir.

Mingəçevir Dövlət Universiteti - Şahin Bayramov 2019-cu ildən rektordur.

Bakı Mühəndislik Universiteti - 2016-ci ildən Havar Məmmədov rəhbərlik edir.
 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov açıqlamasında bildirib ki, fəaliyyəti 5 ildən artıq olan rektorların işini nəzərdən keçirmək lazımdır.
 



“Cənab prezidentin 2018-ci ildə bu məsələ ilə bağlı fərmanı olub. Bu gün 5 ildən artıq fəaliyyət göstərən rektorlar var. Hesab edirəm ki, 5 ildən bir rektorların fəaliyyətinə baxılmasına ciddi ehtiyac var. Bu təyinatın ya yenilənməsi, ya da əgər işini doğrultmursa, həmin şəxsin vəzifədən uzaqlaşdırılması ilə bağlı məsələlərə  baxmalıyıq. Bununla bağlı qərarlar qəbul edilməlidir. Əlbəttə, bir şəxs uzun müddət yəni 20-30 il eyni vəzifədə işlədikdə, bu onun iş keyfiyyətinə ciddi şəkildə təsir göstərir. Düşünürəm ki, bunun təhsilimizə də mənfi təsiri var. Yəni bir şəxs uzun illər rektor kimi fəaliyyət göstərdikdə, bu həm də onda müəyyən bir arxayınlıq yaradır. Düşünürəm ki, işin keyfiyyətinə təsirsiz ötüşmür. Ona görə də bu məsələnin icrası önəmlidir. Azərbaycanda rektorların fəaliyyətinə yenidən baxılmasına ehtiyac var. Heç də bütün rektorlar onlara olan inamı, etibarı doğrultmurlar. Bəzi universitetlər inkişaf edir, bəzi universitetlər isə ciddi tənəzzül yaşayır. Bu bilavasitə bizim rektorların fəaliyyətindən asılıdır”.


"Dünya təcrübəsindən görürük ki, bir çox ölkələrdə rektorları seçkilər vasitəsi ilə seçirlər. Bəzi ölkələrdə isə seçkidən sonra ölkə rəhbərinin sərəncamı, yaxud fərmanı ilə həmin şəxsin vəzifəyə təyin olunması məsələsi həyata keçirilir. Hesab edirəm ki, burada önəmli məsələlər fərmanın icra olunmasıdır. Bununla bağlı aidiyyatı qurumlar, müvafiq mərkəzlər, icra hakimiyyətləri addımlar atmalıdırlar ki, biz fərmanın tam icrasını təmin edək və yerinə yetirə bilək”,- deyə deputat əlavə edib.

modern.az

Xəbərlər