"Ezamiyyə xərclərinin azlığı xırda problemlərdir, əsas diqqət vacib sahələrə yönəldilməlidir"
“Məqbuldursa, deputatların ezamiyyə xərclərini artıracaqlar. Hərənin öz fikri var. Gərək, ölçüb-biçək. Büdcənin də vəziyyətini ölçüb-biçməli, getdiyimiz yolları da araşdırmalıyıq. Büdcəni qoruyub-saxlamaq, xərcləri daha çox işğaldan azad olunmuş ərazilərimizə yönəltmək lazımdır. Birdən elə fikirlər söyləyirlər ki, bu günümüzün reallıqlarını əks etdirmir. “Müəyyən yerə büdcədən bu qədər ayrılmalıdır...” Axı büdcənin yükü bunu qəbul etmir. Elə məsələlər var ki, bir müddət onu kənara qoymaq, dözmək olar. Yaxşı yerə getməyək, gedək o birisinə. Nə olur ki? Bu gün əsas diqqəti Qarabağa verməliyik ki, soydaşlarımız yurd-yuvalarına tez qayıtsınlar, bərpa, abadlıq işləri tez başa çatsın. Yaxşı olar, həmkarlarımız, eləcə də digər insanlar bu barədə ciddi fikirləşsinlər. Yoxsa “ezamiyyə xərci 5-10 manat azdır” demək… Düzdür, müəyyən problemlər var, amma bunlar xırda problemlərdir. Əsas diqqət vacib sahələrə yönəldilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev erməni deputatların xarici ölkələrə ezam olunarkən azərbaycanlı deputatlardan daha yüksək səviyyəli otellərdə qaldıqları, xərclərinin lazımi səviyyədə qarşılandığı barədə səslənən fikirlərə isə belə münasibət bildirib: “Bunu qəbul etmirəm. Biz müharibə şəraitində olan dövlətik. Qələbə çalmışıq, amma müharibə bitməyib. Ölkəmizə qarşı təcavüzlər, təxribatlar davam edir. Biz hələ sərhədlərimizi müəyyənləşdirməmişik. Qarabağ iqtisadi rayonunda mənfur ermənilər silahlanmağa başlayıblar. Ciddi məsələlər var ki, onlar həll olunmayıb. Bu gün biz ermənilərlə özümüzü müqayisə etməməliyik. Ermənilərin vəziyyəti bizdən guya artıq imiş. Bu, mənə görə yaxşı fikir deyil. Ola bilsin, erməni lobbi təşkilatları ermənilər harasa gedəndə onlara müəyyən maddi yardım göstərirlər. Ümumiyyətlə, axı biz faşistlərlə özümüzü niyə müqayisə etməliyik? Ermənilər xaricdə bizdən yaxşı yeyib-içirlər, geyinirlər, nə edirlər... Bu, düzgün yanaşma deyil”.