"Ezamiyyə xərcləri artırılsa, yaxşı olar, deputat xaricdə çöldə qalmamalıdır ki..."
“Əlbəttə, mən də istəyərdim ki, deputatların ezamiyyə xərcləri artırılsın. Parlament üzvlərinin xaricə səfər etməsi, işçi qrupların görüşməsi, parlamentlərarası memorandumların qəbul edilməsi, xarici ölkə parlametlərinin konfranslarında iştirak və s. – bütün bunların arxasında maliyyə dayanır. Maliyyə olmasa, xarici ölkələrə gediş-gəlişlərimiz, əlaqələrimiz azalar. Bizi istəməyən ölkələr haqqımızda bəzi məsələlər deyiblər. Onların həll edilməsinə çətinlik çəkirik. Milli Məclisin sədri Sahibə xanım Qafarova deputat heyəti ilə tez-tez xarici dövlətlərə səfər edir, çalışır ki, dostluq münasibətləri saxlanılsın, əlaqələr genişlənsin. Məsələn, Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara tutarlı cavablar verdi. İnformasiya müharibəsi gedir. Bizi gözü götürməyən ölkələrin müxtəlif tribunlardan səsləndirdikləri iddialara cavab vermək üçün xarici ölkələrə səfərlərin əhəmiyyəti böyükdür. Təbii ki, ezamiyyə xərcləri artırılsa, daha yaxşı olar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə deputat Səməd Seyidovun deputatların ezamiyyə xərclərinin artırılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
C.Paşazadə təklifin büdcənin əhəmiyyətli hissəsinin deputatlara ayrılması məqsədilə irəli sürüldüyü barədə iddialara isə belə cavab verib: “Cəmiyyətimizdə çox gözəl insanlarımız var. Amma bəzi məsələlərə fikir bildirməkdə bir az tələsirlər. Üzərində yazılır ki, “ezamiyyə xərcləri”. Bunun maaşa aidiyyatı yoxdur. Deputata nə qədər vəsait ayrılıbsa, ona uyğun istifadə edəcək. Xarici ölkədə ya bir stəkan çay içəcək, ya geri qayıdacaq, ya bir-iki gecə qalacaq. Deputat xaricə gedib çöldə qalmamalıdır ki. Məsələn, xarici ölkələrdə bizi qəbul edirlər, görüşlər keçirilir, bizim üçün ziyafət təşkil edirlər. Bütün bunların hamısı xarici ölkələrdə olunursa, onlar bizə gələndə bunu etməsək, düzgündürmü? Olmaz axı. Biz də qonaq qəbul etməliyik. Onlar bizi necə qarşılayır, rəftar edirlərsə, biz də o cür etməliyik. Bir daha qeyd edirəm, ezamiyyə xərclərinin artırılmasının deputatın maaşına, ya deputatın özünə aidiyyatı yoxdur”.