Cəmiyyət, Siyasət 16 Sentyabr 2021, 14:14 | Baxış sayı: 251
“Ermənistanın ölkəmizə qarşı təxribatlarının bir istiqaməti də region ölkələri ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirməyə, gərginlik yaratmağa hesablanıb".

“Azərbaycan region ölkələri ilə həmişə dinc şəkildə əməkdaşlığın və münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub, hər zaman da öz mövqeyində bunu aydın nümayiş etdirib. Dünya ölkələrinin ərazi bütövlüyü məsələsinə ölkəmiz həmişə hörmət göstərib. Ona görə, eyni mövqeni dünya ölkələrindən tələb etmək haqqına da malikdir”.

Bu sözləri Modern.az-a müsahibəsində Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elşad Mirbəşiroğlu Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılmasından danışarkən deyib.

Deputat vurğulayıb ki, Azərbaycan ərazilərindən istifadə edərək, qanunsuz yükdaşımaları həyata keçirənlərə haqlı olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sərt reaksiya nümayiş etdirilir və etdiriləcək:

“Konkret İrana məxsus yük maşınlarının “Stepanakert, Armenia” sənədi əsasında Azərbaycan ərazilərində qanunsuz hərəkəti qınanılan halıdır. Bu, Azərbaycan-İran münasibətlərinin xarakteri ilə heç cür uzlaşmır. İran Azərbaycan ərazi bütövlüyünü tanıdığını, ölkəmizlə münasibətlərə önəm verdiyini həmişə dilə gətirib, amma belə hallar iki ölkə arasındakı münasibətlərə müəyyən soyuqluq gətirə bilər. Belə hallara olduqca həssas yanaşılmalıdır”.

Elşad Mirbəşiroğlunun fikrincə, “Stepanakert, Armenia” qeydi olan sənədlərdən istifadə ciddi düşüncələr üçün də əsas yaradır:

“Ermənistanın ölkəmizə qarşı təxribatlarının bir istiqaməti də region ölkələri ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirməyə, gərginlik yaratmağa hesablanıb. Ona görə düşünürəm ki, məsələni dərindən araşdırmaq lazımdır. Burada erməni izinin, erməni təxribatlarının olmağını da nəzərdən keçirmək mütləqdir. İran tərəfi də öz sərhədləri boyunca ciddi nəzarəti həyata keçirməlidir. Azərbaycan ərazilərində heç bir halda qanunsuz hərəkətlərə yol verilməməlidir. Qafan-Gorus yolunun 21 kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır. Bu ərazidən qanunsuz yüklərin keçməsinə təbii ki, yol verilməyəcək. Düşünürəm ki, İran tərəfi də münasibətlərə zərər gətirəcək addımların qarşısının qətiyyətlə alınmasında maraqlı olmalıdır”.

Qeyd edək ki, Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib. Yayılan sənədlər İranın Xankəndinə yük daşıdığını bir daha sübut edir. Sənədin üzərində çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılıb.
İran dövləti öz sürücülərinə verdiyi rəsmi sənəddə Xankəndinin Ermənistan şəhəri olduğunu yazmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Xəbərlər