"Ermənistanın istənilən təxribatını aydın müşahidə edə bilirik"
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının şərtlərinin təmin olunması vacibdir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat vurğulayıb ki, Azərbaycan tərəfi hər zaman yekun sülh sazişini imzalamağın şərtlərini irəli sürüb:
"Azərbaycan haqlı olaraq Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının və demarkasiyasının aparılmasının sülhün əsasında dayanacaq şərtlərlə bərabər qoyub. Çünki dövlətlərin ərazi sərhədləri dəqiqləşmədən, qarşılıqlı şəkildə bunu qəbul etmədən münasibətləri tənzimləmək mümkün olmaz. Amma, Ermənistan tərəfi davamlı olaraq Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi məsələsinə də mane olmağa çalışırdı və bu prosesi də uzadırdı. Proseslər hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın tam nəzarəti altındadır. Ermənistan davamlı təxribatlar törətsə də, biz bu təxribatları qarşısını hər zaman inamla almışıq. Eyni zamanda da öz mövqelərimizi də əlavə olaraq möhkəmləndirmişik. Hesab edirəm ki, Paşinyanın səsləndirdiyi fikirlər Azərbaycanın formalaşdırmış olduğu reallıqlardan irəli gəlir. Yəni, sülh prosesini biz başlatmışıq və biz də irəli aparmaqdayıq. Biz sərhəd boyunca bütün strateji nöqtələrə nəzarəti həyata keçirməkdəyik. Ermənistanın istənilən təxribatını, Ermənistan silahlı qüvvələrinin istənilən hərəkətlənməsini aydın müşahidə edə bilirik və anındaca primitiv addımlar atmaq imkanındayıq. Bu baxımdan Paşinyan təbii ki, reallığı dərk edir və bilir ki, sərhədlərin mütləq şəkildə delimitasiyasının aparılması baş verəcək. Bu, qaçınılmazdır. Bu prosesləri biz irəli aparırıq. Ona görə də, sözsüz ki, Ermənistan gec və ya tez Azərbaycanın irəli sürmüş olduğu şərtlərə uyğun şəkildə yekun sülh sazişinə imza atmalı olacaq".