Siyasət 24 İyul 2023, 16:05 | Baxış sayı: 114
“Ermənistanın dezinformasiya siyasəti ən peşəkar formada zərərsizləşdirilir”

“Son illər medianın qarşısında duran vəzifələr də yeni çağırışlara uyğunlaşıb. İnformasiya savaşında əsas prioritet yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaqdır”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra milli mətbuatımız milli maraqların müdafiəsi istiqamətində daha fəal çalışmaqdadır:

“Ermənistanın informasiya cəbhəsində apardığı dezinformasiya təbliğatı ən peşəkar formada zərərsizləşdirilməkdədir. Məlumdur ki, 30 illik işğal dövründə olduğu kimi, 44 günlük savaş zamanı da erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Buna baxmayaraq, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu da xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlükdür. Belə ki, döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək.Bu gün ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlardır. Bu təhlükələrə qarşı mütləq şəkildə media sahəsində ən effektiv təcrübələr birləşdirilməlidir. Şuşada keçirilən media forum da bu baxımdan olduqca səmərəlidir. Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri prinsipiallıq, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdir.

Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması bu tədbirə artan marağın göstəricisidir. Forumda Prezident İlham Əliyevin iştirakı isə media mənsublarına yüksək səviyyəli münasibətin göstəricisidir. Dövlət başçımız forumda çıxışçı qismində yox, sual-cavab formatını daha effektiv hesab edərək 20-yə yaxın sualı cavablandırdı. 3 saata yaxın davam edən müsahibə zamanı bir daha regiondakı yeni reallıqlarla bağlı ən vacib mesajlar verildi, Azərbaycanın haqlı mövqeyi dünyaya bəyan olundu”.

editor.az

Xəbərlər