"Ermənistanda hərbçimizə qarşı sərgilənən davranış cinayət məsuliyyəti üçün tam əsas yaradır"
“Ermənistan tərəfinin əsir düşmüş hərbçimizə qarşı törətdiyi vəhşiliklər hər şeydən öncə buna dəlalət edir ki, bu dövlət üçün heç bir beynəlxalq konvensiya, hüquq norması, humanizm prinsipi mövcud deyil. Eyni zamanda bu, bir daha sübut edir ki, Ermənistanla hansısa məsələni dinc yollarla həll etmək qeyri-mümkündür. Azərbaycan tərəfi regionda barışı, birgəyaşayışı, təhülkəsizliyi, əməkdaşlığı təbliğ edir və bu istiqamətdə addımlar atır, Ermənistan tərəfi isə davranışları ilə hər dəfə sübut edir ki, bundan sonra da dağıdıcı fəaliyyətini davam etdirəcək, regionda gərginliyin qalması üçün əlindən gələni edəcək. Təbii ki, Ermənistanda hərbçimizə qarşı sərgilənən davranış cinayət məsuliyyəti üçün tam əsas yaradır. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 115.2 maddəsi üzrə cinayət işi açılıb. Bu da hərbi əsirlərə qarşı zorakılığın tətbiq edilməsi, onlara qarşı qeyri-insani davranışa görə cəzanı nəzərdə tutan maddədir. Nəzərə almaq lazımdır ki, 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasının maddələri də Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır. Hərbi əsirlərlə davranış qaydaları Cenevrə Konvensiyaları və onlara edilmiş əlavələrdə, digər beynəlxalq normativ hüquqi aktlarda öz ifadəsilini aydın tapıb. Ermənistan isə bütün beynəlxalq sənədlərə aşkar hörmətsizliyini nümayiş etdirir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat hesab edir ki, bu məsələ təkcə Azərbaycan tərəfinin deyil, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olmalıdır:
“İnsan hüquqları, beynəlxalq hüququn təsiri haqqında düşünən dairələr hələ də qalırsa, onlar ermənilər tərəfindən hərbçimizə qarşı törədilmiş vəhşiliklərə hüquqi, eyni zamanda siyasi qiymət verməlidirlər. Bir sözlə, ermənilər, Ermənistan davranışları ilə nümayiş etdirir ki, onların mahiyyəti terrorçuluqdan ibarətdir, fəaliyyətlərinin əsas istiqamətini məhz terrorçuluq, dağıdıcılıq, vandalizm təşkil edir”.