Siyasət 8 İyun 2023, 16:14 | Baxış sayı: 101
“Ermənistan yenə ekoterror törədir”

Ermənistan Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasını aparır.

Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  bəyanat yayıb. 

Bəyanatda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən faktın təsdiqləndiyi vurğulanıb. Bildirilib ki, bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir. Bəyanatda xatırladılıb ki, Ermənistanın beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət etməməsi ilk hal deyil: 

“Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.

Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırırıq”. 

Göründüyü kimi, Ermənistan beynəlxalq hüququ və konvensiyaları pozmağa davam edir. 

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə, qardaş Türkiyə ilə sərhədə çox yaxın ərazidə inşasını nəzərdə tutduğu iri metallurgiya zavodu birbaşa ətraf mühitə və ekoloji vəziyyətə təhdid hesab edilməlidir: 

“Bu zavodun Araz çayının kənarındakı Arazdəyən kəndində yerləşəcəyi qeyd olunur. Bu isə onu deməyə əsas verir ki, Araz çayı Ermənistan tərəfindən daha da zəhərlənəcək ki, bu da birbaşa ekoloji terror hesab edilməlidir. Ermənistan uzun illər Azərbaycanın ekoloji sistemini, flora və faunasını məhv etməklə məşğul olub.

Onlar çaylarımızı çirkləndiriblər, zəhərləyiblər, insanlarımıza bütün mənalarda əziyyət veriblər, nadir tarix abidlərimizi dağıdıblar, ağaclarımızı və meşələrimizi məhv ediblər. Bu zavodun inşa edilməsi də ərazilərimizin növbəti dəfə çirklənməsinə səbəb olacaq. Çünki ermənilər heç bir sistem qura bilmədiyi üçün sözügedən metallurgiya zavodundan çıxan zəhərli tullantıları həmişə olduğu kimi suya atacaqlar.

Yəni o zəhərli tullantılar çay vasitəsilə Azərbaycan ərazisinə keçəcək. Bununla da yenidən Araz çayına və orada yaşayan insanlara, habelə ekoloji sistemə çox böyük ziyan dəymiş olacaq”. 

Millət vəkili xatırladıb ki, Azərbaycan kimi Ermənistan da bu sahədə beynəlxalq Espo Konvensiyasına qoşulub:

“Bu Konvensiyada qeyd olunur ki, sərhəd və digər yaxın ərazilərdə hər hansısa fabriklər, zavodlar inşa edilirsə mütləq şəkildə həmsərhəd olan ölkənin müvafiq dövlət qurumları ilə məshəhətləşmə aparılmalıdır. Həmçinin, ekspertlər öz rəylərini verməlidirlər.

Əgər orada problemli məsələ varsa, digər tərəfin etirazına əsasən həmin fabrik və ya zavod inşa edilməməlidir. Amma bu beynəlxalq Konvensiya Ermənistan tərəfindən növbəti dəfə pozulur. Düşünürük ki, beynəlxalq konvensiya və qanunlar burada işləməli, bununla da Ermənistanın növbəti ekoloji cinayətinin qarşısı alınmalıdır”. 

Xəbərlər