"Ermənistan və Fransanı bu qədər narahat edən məsələ məhz onların planlarının qarşısının vaxtında alınmasıdır"
“Proseslərin təhlili göstərir ki, Ermənistan “TIR şousu”na xeyli vaxtdır hazırlaşırdı və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan ərazisindən TIR-lar hərəkətə başlayarkən paylaşdığı tvit bu fikri bir daha bunu təsdiqləyir. Burada belə bir sual yaranır: Ermənistan bu şou ilə nəyə nail olmaq istəyir? Məlum olduğu kimi, bir müddət Baş nazir Nikol Paşinyan Rusiya tərəfi ilə danışıqlar apararaq Azərbaycanın Laçın yolunda yaratdığı nəzarət-buraxılış məntəqəsinin ləğvinə çalışdı və bu məsələdə Rusiya tərəfini də günahlandırdı. Paşinyanın Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması ilə bağlı verdiyi açıqlamanın kökündə də məhz bu məsələ durur. İndi isə vəziyyət belədir: Rusiya tərəfindən istədiyini əldə edə bilməyən Ermənistan tərəfi Qarabağa beynəlxalq gücləri gətirməyə çalışır. Paşinyanın bu cəhdi Fransa kimi dövlətlərin marağı ilə üst-üstə düşür. Paşinyan Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq Ermənistan ərazisinə “Avropa İttifaqının mülki missiyası” pərdəsi altında Avropa dövlətlərinin hüquq mühafizə orqanlarının təqaüddə olan nümayəndələrini gətirə bildi. İndi də buna Qarabağda nail olmaq istəyir...”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan vaxtında çevik qərar qəbul edərək sərhəddə nəzarət buraxılış məntəqəsini yaratdı və bununla Paşinyanın sözügedən cəhdinin qarşısını aldı: “Ermənistan və Fransanı bu qədər narahat edən məsələ məhz onların planlarının qarşısının vaxtında alınmasıdır. Burada əvvəllər də toxunduğum bir məsələyə yenə qayıtmaq istəyirəm. Baxın, Ermənistan 30 il ərzində bu qədər cinayət törətdi, şəhərlərimizi kəndlərimizi, məscidlərimizi barbarcasına dağıtdı. 30 ildir, biz Naxçıvana quru yolla gedə bilmirik. Həmin bu canfəşanlığı biz bu 30 ildə niyə görmədik? “TIR şousu”na görə bu gün Azərbaycana təzyiq göstərmək üçün növbəyə düzülən dövlət və təşkilatlar, bir sıra dövlətlərin xarici işlər nazirlikləri 30 ildə harada idilər? Niyə Vətən müharibəsinə qədər olan dövrdə bir dəfə də işğaldan danışmayan dövlətlər indi ard-arda “TIR şousu”nu dəstəkləyən bəyanatlar verirlər? Azərbaycanla sərhədə gəlib, guya vəziyyəti yerində izləyən həmin dövlətlərin səfirlikləri ötən dövrdə Azərbaycanla bağlı bu mövqeyi niyə nümayiş etdirmədilər? Bu ikiüzlük deyil, bəs nədir? “Proses necə bitəcək?” sualına gəldikdə, düşünürəm, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Azərbaycan çox haqlı olaraq bu məsələdə tələsmədi, haqlı mövqeyini sona kimi müdafiə etdi. Azərbaycan müdrik siyasət nəticəsində bu hücum və təxribatları da mütləq dəf edəcək”.
pravda.az