"Ermənistan sülhə hazır deyil"
“Azərbaycan Respublikasının Prezidenti 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir çox məsələlərlə yanaşı, regiondakı ümumi vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri ətrafında bir daha öz fikirlərini bildirdi. Ölkə başçısı əsas olaraq Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu səsləndirdi və dövlətimizin haqlı mövqeyini bir daha əsaslandırdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, eyni zamanda, Prezident Ermənistanın ötən il Azərbaycanın ərazi bütövlüyünü tanıması mövzusuna da toxundu: “O vurğuladı ki, Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülhə hazır olduğunu deyir. Amma bunu praktiki addımlarla sübut etməli, sənəd üzərində də göstərməlidir. Təbii ki, Paşinyanın səsləndirdiyi fikirlərlə hərəkətləri arasında hər zaman ziddiyyətlər mövcud olub. Bu da onu göstərir ki, Ermənistan heç də sülhə hazır deyil və özünü sadiq sülh tərəfdaşı kimi göstərməklə Azərbaycana qarşı mövqenin formalaşmasına çalışır. Yəni, guya Ermənistan sülhə hazırdır, amma ortada bir sülh yoxdur. Beləliklə, bunun məsuliyyətini Azərbaycana yükləməyə çalışır. Bir neçə faktla bunu qeyd edə bilərik”.
Deputat sözlərinə davam edərək bildirib ki, ötən ayın sonunda Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-da müzakirələr aparan zaman Paşinyan hökumət iclasında yenə də olmayan Dağlıq Qarabağın özünümüdafiə ordusundan danışırdı: “Bir tərəfdən Ermənistanla Azərbaycanın dialoqunun vacibliyini vurğulayır, digər tərəfdən də separatizmə dəstək olacaq ifadə işlədir. Başqa bir məqamı da qeyd etmək olar. Məsələn, Azərbaycan deyir ki, onun ərazisində olan ermənilərin vəziyyəti bizim daxili işimizdir. Digər tərəfdən Ermənistan Azərbaycanın ərazisində yaşayan ermənilərin beynəlxalq təminat altında müəyyənləşdirilməsini istəyir. Bütün bunlar onu göstərir ki, Ermənistan destruktiv mövqeyindən zərrə qədər də olsa geri çəkilməyib. Sadəcə olaraq Azərbaycanın yaratmış olduğu reallıqların təsiri altında ritorikalarında cüzi korrektələr ediblər. Amma yenə də sətiraltı ifadələrlə nümayiş etdirirlər ki, bundan sonra da Azərbaycanla sülh sazişini imzalamaqdan yayınacaqlar. Təəssüflə qeyd etmək lazımdır ki, Avropa İttifaqı da, ABŞ da bundan istifadə edir”.