"Ermənistan sərhəd təxribatına əl atmaqla sülhü pozmağa çalışır"
"Ermənistan sərhəd təxribatına əl atmaqla sülhü pozmağa çalışır. Təfərrüatlardan aydın olur ki, bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribatdır".
Bu fikirləri “Report”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda Ermənistanın bu cür təxribatlar törətməsi təəssüf doğurur:
"Rəsmi Bakı haqlı olaraq Ermənistanın bu davranışını nəinki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması, eyni zamanda regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Prezident İlham Əliyev ATƏT sədri ilə görüşdə də Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini təsadüfən xatırlatmadı. Biz sülhə, əməkdaşlığa çalışırıq. Ermənistan isə təxribat və gərginliyə can atır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır”.
Deputatın sözlərinə görə, strateji əhəmiyyət kəsb etməyən obyektdə korpus komandirinin olması da aydın şəkildə göstərdi ki, təxribat Ermənistanın hərbi rəhbərliyinin bilavasitə nəzarətində olub:
“Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərir. Avropa İttifaqının “mülki” missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi güman edir ki, Aİ missiyasının bu ölkədə olması onlara öz yersiz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Amma Azərbaycan tərəfi bu regionun lakomativi kimi bütün prosesləri nəzarətdə saxlamaq əzmindədir. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”.
K.Nurullayeva xatırladıb ki, bölgədə baş verən bütün təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür:
“Ermənistan özünə bəraət qazandırmaq məqsədilə verdiyi açıqlamalar isə başdan ayağa ziddiyyətdir. Bu, onların az-çox anlaşıqlı cavab hazırlamaq axtarışında olduqlarını, həmçinin gözlənilməz nəticələrin çaşqınlıq yaratdığını, nəticə etibarilə planlarının tam pozulduğunu göstərdi. Bu təxribat danışıqlar prosesində müəyyən pozitiv meyllərin olduğu, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağı məsələsi olduğu bir dövrdə baş verdi. Bu onu göstərir ki, Ermənistan həmişəki kimi problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır”