Siyasət 13 Aprel 2023, 16:28 | Baxış sayı: 180
"Ermənistan rəhbərliyi düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkmir"

Ermənistanın həm daxilində, həm də xaricində bu regionda sülhün bərqərar olunmasında maraqlı olmayan qüvvələr var.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində erməni terrorçuları növbəti dəfə təxribat törədib: “Ermənistanın həm daxilində, həm də xaricində bu regionda sülhün bərqərar olunmasında maraqlı olmayan qüvvələr mütəmadi olaraq buna mane olmağa çalışırlar. Bunun üçün də Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlar törədir. Məlum olduğu kimi, demarkasiya və delimitasiya məsələsi hələ ki, həll olunmayıb. Azərbaycan müəyyən xəritələr əsasında öz sərhədini müəyyənləşdirib və həmin xətdə çıxıb. Ermənistanda isə bunu sərhəd kimi qəbul etmirlər. Nə qədər ki, Ermənistanla sülh müqaviləsi imzalanmayıb, belə hallar olacaq. Lakin bütün hallarda Ermənistan hökuməti bilməlidir ki, Azərbaycan bu təxribatların qarşısını güc yoluyla olsa da, alacaq”.

Müşfiq Cəfərov qeyd edib ki, müharibə bitməsinə baxmayaraq Ermənistan rəhbərliyi düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkmir: “Sərhədlərin delimitasiya və demarkasiya məsələləri müzakirəsi yaxınlaşdıqca, buna mane olmaq istəyən müəyyən revanşist qüvvələr hərəkətə keçir. Biz düşməni öz torpaqlarımızdan sərhəd çərçivəsinə çıxarmışıq. Bunun davamı olaraq Azərbaycan delimitasiya və demarkasiya məsələsinə nail olacaq, qarşıda duran bütün məqsədlərə çatacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur olacaq”.

Deputat nəzərə çatdırıb ki, həlledici görüşlərdən öncə və ya sonra Ermənistan kiçik təxribatlara əl ataraq dünyaya hələ də münaqişənin davam etdiyi, itkilər olduğu mesajını verməyə çalışır: “Bu, adət halını alıb. Xüsusilə Avropa İttifaqının missiyası da Ermənistan üçün böyük fürsətdir. Yüz illərdir ki, erməni hiyləsi hər kəsə məlumdur. Onlar daima beynəlxalq aləmə yalan sata biliblər. Lakin unutmasınlar ki, Azərbaycan hökuməti də erməni siyasətinə çox yaxşı bələddir və artıq Azərbaycan dövlətinin və xalqının səbri tükənmək üzrədir. Ermənistana istər güc, istərsə də siyasi diplomatik baxımdan layiqli cavab veriləcək”.

Xəbərlər