Siyasət 9 İyun 2023, 14:52 | Baxış sayı: 116
"Ermənistan regionun ekoloji mühitinə ciddi təhlükə yaradır"

"Ermənistanın Naxçıvanla həmsərhəd ərazisində böyük bir metallurgiya zavodunun inşasının aparılması ilə bağlı açıqlamaları bir daha onu göstərir ki, Ermənistan beynəlxalq səviyyədə Birləşmiş Millətlər Təşkilatının “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın müddəalarını ciddi şəkildə pozur. Ümumiyyətlə, belə bir zavodun tikilməsi təkcə Azərbaycan üçün deyil,  bütün region üçün böyük bir ekoloji təsir yarada bilər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. 

Deputat bildirib ki, bunun qarşısı mütləq şəkildə beynəlxalq səviyyədə alınmalıdır:

"Məlum məsələdir ki, Ermənistan özü elə bu konvensiyanın üzvüdür. Hətta, buna baxmayaraq dəfələrlə "Metsamor" atom elektrik stansiyası ərazisində yeni nüvə reaktoru tikintisi ilə bağlı da açıqlamalar edir. Bu da tək Azərbaycan deyil, bütün region üçün böyük bir miqyasda təbii fəlakətə gətirib çıxara bilər. 

Düşünmürəm ki, Ermənistanın öz ictimaiyyəti də buna sakit qalsın. Bu, beynəlxalq konvensiyaların pozulması deməkdir".

Milıət vəkili hesab edir ki, dağ-mədən sənayesi Azərbaycanın sərhəddində olduğuna görə, bu, ölkəmizə ciddi təsir göstərə bilər. 

"Yadınızdadırsa, mis-molibden zavodu və Qafan mis emalı kombinatının istehsalında bizim sularımız necə zəhərləndi, onların Oxçuçaya axıtdıqları tullantılar necə fəsad verdi. Bu, flora və faunanın dağılmasına gətirib çıxardı. Buna görə də artıq bütün dünya Ermənistana təzyiq və təsir göstərməlidir ki, bu qanunsuz fəaliyyətini dayandırsın. Bu, tək Azərbaycanın deyil, regionun ekoloji mühitini təhlükə mənbəyinə çevirir. Məhz buna görə də, Ermənistan həm qonşuluq siyasətini, həm də beynəlxalq səviyyədə olan öhdəliklərinin yada  salaraq bu məsələni dayandırmalıdır. Əks halda, bütün beynəlxalq təşkilatlar ona təzyiqini artırmalı və onu bu yoldan çəkindirməlidirlər".

Xəbərlər