“Ermənistan proseslərdən nəticə çıxarmalı, ən zəif bənd olduğunu dərk etməlidir”
“Hər bir dövlət öz maraqlarından çıxış edir. ABŞ da regionda istənilən münaqişənin həllində aparıcı rol oynamağı düşünür və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində özünü danışıq müstəvisi kimi təqdim etməyə çalışır”.
Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Millət vəkili qeyd edib ki, ATƏT-in keçmiş Minsk Qrupunun fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində yaranmış boşluğu ABŞ ciddi- cəhdlə Fransadan və ya Rusiyadan öncə doldurmağa çalışır: “Məhz buna görə də ABŞ İran və Türkiyə faktorlarını da nəzərə alaraq öz Cənubi Qafqaz siyasətində aktivləşib. Bu məsələləri Rusiya da izləyir və öz addımlarını atır. Qarabağdakı son hadisələrlə sübut etməyə çalışır ki, regionda hər hansı hərbi və ya digər tənzimləmələr onsuz ötüşən deyil. İstər Ermənistandakı hərbi bazalar və Qarabağdakı silahlı kontingentinə güvənən Rusiya nəyin bahasına olursa olsun Qərbi bu proseslərdən uzaqılaşdırmağa çalışır”.
A.Nağıyev qeyd etdi ki, Qərbin müşahidəçi missiya adı altında vizual kəşfiyyat aparan silahlı kontingentin Ermənistana gətirilməsi də Rusiyaya sərf etməyən məsələdir: “Məhz buna görə də Rusiya hətta Rusiya-Ukrayna müharibəsi fonunda öz nüfuzunu regionda, əsasən də Cənubi Qafqazda qorumağa hətta artırmağa və öz vacibliyini sübut etməyə çalışır, Qərblə bu məsələdə əməkdaşlıq etməyəcəyini bəyan edir”.
Deputat hesab edir ki, bir sıra paytaxtların rəqabət şəraitində ən maraqlı məqam münaqişə tərəflərinin, Azərbaycan və Ermənistanın mövqeyidir: “Azərbaycan qalib dövlətdir və öz şərtlərini ərazi bütövlüyü çərçivəsində diktə edir, ermənilərin havadarlarına da bununla bağlı ciddi cəhdlə xəbərdarlı mesajı göndərir. Ermənistanın isə mövqesizliyi yenə göz qabağındadır. Hansısa sahiblərindən və ya havadarlarından təlimatlar gözləyirlər. Konkret olaraq nə Rusiyadan, nə də Qərbdən tam imtina etmirlər. Elə düşünürlər ki, Rusiya - Ukrayna müharibəsi fonunda Rusiya zəifləyəcək və Qərb irəli çıxacaq”. Deputat əlavə etdi ki, İranın ciddi-cəhdlə Ermənistanı dəstəkləməsi Rusiyanı dolayı yolla razı salsa da, ABŞ bu məsələyə digər prizmanada yanaşır: “ABŞ Azərbaycan - İran sərhəddinin çox uzun olduğunu xatırladaraq təhlükəsizlik məsələlərinə önəm verilməsinin zəruriliyini çatdırır. Bütün bu proseslərdən Ermənistan ciddi nəticə çıxarmalıdır və ən zəif bənd olduğunu dərk etməlidir...”