Siyasət 11 İyul 2023, 15:27 | Baxış sayı: 87
“Ermənistan, onu himayə edənlər və Qarabağda yerləşən erməni silahlıları bu qərardan lazımı dərs götürməlidirlər”

“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçında Azərbaycana məxsus sərhəd nəzarət - buraxılış məntəqəsinin ardan qaldırılması ilə bağlı tələbini qətiyyətlə rədd etməsi haqqın - ədalətin təntənəsi olmaqla bərabər, təcavüzkar dövlətin əsassız iddialarının beynəlxalq səviyyədə iflasa uğramasıdır”.

 

 Bunu deputat Tahir Rzayev bildirib.

 

“Öz ərazisində - sərhəd nəzarət - buraxılış məntəqəsi yaratmaq Azərbaycanın beynəlxalq normalara əsaslanan hüququdur və bu, dövlətin milli təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətlidir. Məlum olduğu kimi Ermənistan uzun illər Laçın yolundan Qarabağa silah - sursat daşıması məqsədi ilə istifadə etmiş, separatçılar silahlandırılmış, təxribatçılar nəzarətsiz olan sərhədlərimizdə qətllər törətmiş, ərazilərimizi minalamışlar. Bu məntəqənin yaradılması Qarabağa hərbi texnikanın, silah – sursatın gətirilməsinin qarşısının alınmasını bilavasitə təmin etmiş, diversiya qruplarının, təxribatçıların gəlişini məhdudlaşdırmışdır. Sözsüz ki, bu Qarabağda yaşayan ermənilərin qanunauyğun sərhədi keçmələrinə heç bir maneə törətmir və onlar lazımi sənəd təqdim etməklə məntəqənin imkanlarından istifadə etmək hüququna malikdirlər. Ancaq buna baxmayaraq Fransa başda olmaqla bəzi dövlətlər Azərbaycanın Laçın yolunda sərhəd nəzarət - buraxılış məntəqəsi yaratmasını Qarabağda yaşayan erməni əhalisinin blokadaya alınması, hüquqlarının məhdudlaşdırılması kimi qələmə verir və  beynəlxalq aləm tərəfindən dövlətimizə təsir göstərilməsini tələb edirdilər. Beynəlxalq Ədalət Məhkəməsinə də bu baxımdan müraciət  ünvanlanmışdır. Məhkəmənin çıxardığı ədalətli qərar əlbəttə ki, Ermənistana və onun havadarlarına sarsıdıcı zərbə olmaqla, Azərbaycanın haqq yolunda olduğunu nəticəsi və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Ermənistan, onu himayə edənlər və Qarabağda yerləşən erməni silahlıları bu qərardan lazımı dərs götürməlidirlər. Bilməlidirlər ki, onların axırı yaxınlaşır və Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq tezliklə separatçıları öz ərazilərindən qovacaq”, - T.Rzayev qeyd edib.

pravda.az

Xəbərlər