Siyasət 15 May 2023, 16:10 | Baxış sayı: 102
“Ermənistan kimi terrorçu dövlətdə atom enerjisi ilə bağlı müəssisənin olması yolverilməzdir”

“Ermənistanda olan Metsamor Atom Elektrik Stansiyası (AES) artıq ömrünü başa vurub və o, bu günün tələblərinə uyğun olmayan bir stansiyadır. Ümumiyyətlə, bu stansiya fəaliyyət göstərdiyi dövrdə də bölgədə zəhər yağdırmaqdan və ziyan vurmaqdan başqa bir işi olmayıb. Qeyd edim ki, SSRİ kimi böyük bir dövlətin tərkibində olanda Ermənistana kifayət qədər maliyyə ayrılırdı. Ancaq SSRİ dağıldıqdan sonra bir çox böyük stansiyalar, müəssisələr müasir tələblərə cavab vermədikləri üçün fəaliyyətlərini dayandırdı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat bildirib ki, Ermənistan kimi terrorçu bir dövlətin, o cümlədən ASALA kimi terror təşkilatlarını qəhrəmanlaşdıran, kütləvi insan qırğınları törədən bu dövlətin ərazisində atom enerjisi ilə bağlı müəssisənin olması yolverilməzdir:

“Ümumiyyətlə, Ermənistan Rusiya və digər dövlətlər tərəfindən yaradılmış bir layihədir. Tarix boyu da Ermənistan Rusiyanın bir forpostu olaraq müstəmləkə şəraitində fəaliyyət göstərib. Bu gün də Ermənistanın aktivləri, dövlətin sərhədləri, ən böyük şirkətlərin böyük əksəriyyəti Rusiyaya məxsusdur. Bunun özü artıq təsdiq edir ki, bu ölkə yarım müstəmləkə statusundadır. 

Rusiyanın hazırda özünün də kifayət qədər problemləri olduğu, sanksiya altında olduğu bir zamanda Ermənistanın Metsamor Atom Elektrik Stansiyasını (AES) təmir etməsi, ömrünü uzatmağına cəhd etməsi inandırıcı görünmür. Bu, hələlik Rusiya rəsmilərin fikri deyil. Amma, hər halda ümumi yanaşmamız budur ki, bu, yolverilməzdir. Çünki ilk öncə bu bölgəmiz üçün bir təhlükədir. 

İkincisi qlobal bir təhlükədir. Atom enerjisi yaratmaqda məqsədi olan dövlətlər bunu xoşməramlı niyyət kimi çatdırmaq istəyirlər. Amma, çox vaxt bunun arxasında başqa niyyətlər durur. Ermənistan kimi terrorçu bir dövlətin ərazisində belə təhlükəli obyektin olması həm bölgə, həm də dünya üçün bir təhlükə mənbəyidir. Ona görə də, hər bir vəchlə Metsamor Atom Elektrik Stansiyasının (AES) tamamilə çalışmasının, onun ömrünün uzadılmasının qarşısı alınmalıdır. Tək Azərbaycan yox, mütərəqqi dünya da buna yol verməli deyil”.
 

Xəbərlər