Plenar iclaslar 13 İyun 2023, 13:56 | Baxış sayı: 72
"Ermənistanı hər zaman zəif durumda saxlamalıyıq"

“Avstriyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin yanaşması sanki Ermənistanın boyuna biçilib. O, qeyd edirdi ki, biz düşməni olduğundan da ağır vəziyyətdə salmalıyıq. Müvafiq olaraq, biz də Ermənistanı hər zaman zəif durumda saxlamalıyıq".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputatın fikrincə, Ermənistan öz davranışları, mövqeyi ilə aydın nümayiş etdirir ki, Azərbaycana qarşı düşmənçilik hisslərindən əl çəkməyəcək: “Bunu bir daha Ermənistanla Hindistan arasında son dövrlərdə müşahidə olunan hərbi-texniki əməkdaşlıq sövdələşmələri də sübut edir. Özü hərəkət edən artilleriya qurğuları, idarə olunan raketlər, xüsusilə yüksək dağlıq ərazilərdə istifadə olunacaq hərbi texnikanın Ermənistana çatdırılması haqqında razılaşma ciddi narahatlıq doğurur. Ermənistanla Hindistan arasında ilkin mərhələdə 245 milyon dollar dəyərində hərbi sövdələşmə regionda kövrək sülh və təhlükəsizlik imkanlarını ciddi məhdudlaşdırır. Digər tərəfdən, Fransa da Ermənistan-Hindistan hərbi sövdələşməsində yaxından iştirak etməkdədir. Ermənistan bir tərəfdən Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir, digər tərəfdən isə qeyri-konstruktiv, revanşçı mövqeyindən geri durmur. Fransa da, hər vəchlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirak etməyə çalışır. Digər tərəfdən isə, Ermənistanı Azərbaycana qarşı revanşizmə, təcavüzkarlığa həvəsləndirir. Hesab edirik ki, Ermənistanın silahlandırılması gələcək üçün çox ciddi təhlükə yaradır. Siyasi və digər çəkindirici vasitələrlə bunun qarşısının alınması vacibdir."

APA

Xəbərlər