Siyasət 19 İyun 2023, 15:11 | Baxış sayı: 160
"Ermənistan ekoloji terroru davam etdirmək niyyətindədir"

Bu gün Ermənistan deyəndə ağlımıza ilk gələn terror, qan, müharibə və dağıntılar, bir sözlə, bəşəri cinayətlərdir. Çünki 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycan xalqına və dövlətinə qarşı misilsiz cinayətlər törədib. Bu cinayətlər təkcə insanlara deyil, eyni zamanda torpağa, təbiətə, meşələrə, təbii sərvətlərimizə qarşı da törədilib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bununla belə Ermənistan öz terrorçu, işğalçı, talançı siyasətindən əl çəkmir: “Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir. Arazdəyəndə inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz”.

Vüqar İskəndərov bildirib ki, ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur: “Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Hesab edirəm ki, beynəlxalq birlik, xüsusilə də ekologiyanın qorunmasını özünün başlıca prinsipi hesab edən beynəlxalq təşkilatlar buna etiraz etməlidirlər. Digər tərəfdən, əgər rəsmi İrəvan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisininin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər”.

Mənbə: APA

Xəbərlər