“Ermənistan BMT Təhlükəsizlik Şurasında özünü ifşa etdi”
“Ermənistan BMT Təhlükəsizlik Şurasında özünü ifşa etdi. Bu ölkə Azərbaycanı şantaj etməyə çalışsa da alınmadı. Çünki Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Laçın yolu ilə bağlı iddiaların heç bir əsasının olmadığı bir daha təsdiqini tapdı. Azərbaycanın “Ağdam-Xankəndi” yolundan istifadə təklifi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyü bir daha təsdiqləndi”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, Ermənistan BMT kimi ali qurumu da manipulyasiya etməyə çalışır: ” Amma müzakirələr zamanı BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət,eləcə də qardaş Türkiyə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə bəyanatlar səsləndirdilər. Azərbaycan XİN-in də bəyan etdiyi kimi, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik”.
K. Nurullayevanın sözlərinə görə, Ermənistan BMT-ni manipulyasiya etməkdənsə mövcud sülh təklifini düzgün dəyərləndirməlidir:
“Beynəlxalq hüquq normaları və bu çərçivədə götürülmüş öhdəlikləri vicdanla yerinə yetirməlidir. Bütün dünya ictimaiyyəti də görür ki, Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında maraqlıdır”.
editor.az