Siyasət 8 May 2023, 14:57 | Baxış sayı: 249
“Ermənistan anlamalıdır ki, sülhün alternativi yoxdur”

“Azərbaycan sülh mövqeyindən çıxış edir. Amma Ermənistanın davranışlarında bunu görmək olmur. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair müxtəlif fikirlər səslənməkdədir. Xarici işlər nazirlərinin Vaşinqtonun vasitəçiliyi ilə baş tutan 4 günlük görüşü də göstərdi ki, müqavilənin tezliklə imzalanması gözlənilmir. Hər halda görüşün yekunlarına dair rəsmi açıqlamada da qeyd olunur ki, nazirlər ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. A.Blinken “əldə olunan irəliləyişlərdən razı qalsa da, razılaşmanın əlçatanlığına nikbin baxsa da”, yekun sənəddən danışmaq hələ tezdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər:

“Prezident İlham Əliyevin ötən həftə Şuşada keçirilən beynəlxalq konfransda da söylədiyi kimi “nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.” Vaşinqtonun vasitəçiliyi ilə keçirilən görüşdən sonra tərəflərin Moskvada bir araya gələcəyinə dair məlumatlar var. Amma bu görüşlər görüş xatirinə olmamalıdır. Azərbaycanın mövqeyi aydındır, sülhü pozan, reallıqları qəbul etmək istəməyən Ermənistandır. Odur ki, nəticəsiz görüşlər sonsuza qədər davam etməyəcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Amma sülh olmayacaqsa, nə olacağı barədə də İrəvanda daha dərindən düşünməlidirlər. Ermənistan anlamalıdır ki, sülhün alternativi yoxdur. Çünki
otuz illik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Hazırda da isə tam yeni fürsət yaranıb – kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Ermənistan bu fürsətdən yararlanmalıdır”.

Xəbərlər