Siyasət 29 Mart 2023, 15:15 | Baxış sayı: 173
"Ermənistan 300 minə yaxın Qərbi Azərbaycanlının tarixi vətəninə qayıtmasına məsuliyyət daşıyır"

"Qərbi Azərbaycan İcmasının sülhməramlı və ləyaqətli qayıdış konsepsiyası Birləşmiş Millətlər Təşkilatına göndərilib və BMT-nin bütün qurumlarına paylanılıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. 

Deputat qeyd edib ki, sözügedən sənəd BMT-nin gündəliyinə daxil olan sənəd kimi bu təşkilatın üzv olan ölkələrə də göndərilib:

"Artıq bu gün Azərbaycanda 300 minə yaxın Qərbi Azərbaycanlının, yəni indiki Ermənistandan departasiya edilən, soyqırıma məruz qalan və 30 ildən artıq qaçqın vəziyyətində yaşayan soydaşlarımızla bağlı məsələni özündə əks etdirən sənədi BMT və ona üzv olan ölkələr tanıyıb. İcmanın məqsədi odur ki, tam konsepsiyada əks olunmuş maddələr gerçəkləşənə qədər bütün beynəlxalq təşkilatlarla davamlı əlaqələr yaradaq və onları bu işə cəlb edək". 

Deputatın sözlərinə görə, Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması onların müstəsna hüququdur:

"İnsan hüquqları bəyannaməsindən tutmuş, digər mövcud beynəlxalq sənədlərin tələblərinə əsasən, hər bir Qərbi Azərbaycanlının öz doğma yurduna, tarixi torpaqlarına qayıtmaq hüququdur. Konsepsiyada göstərildiyi kimi, bu qayıdış prosesinə aiddiyatı beynəlxalq təşkilatlar kömək etməlidir. Çünki ləyaqətli və təhlükəsiz şəkildə sülhməramlı bir qayıdışdır. Bu məsələdə həm beynəlxalq təşkilatlar, həm də Ermənistan hökuməti məsuliyyət daşıyır. Bunların öhdəlikləri var. Necə ki, Azərbaycan Xankəndində olan etnik ermənilərə tamamilə Azərbaycanda yaşayan bütün vətəndaşlar kimi bərabər hüquqlar verir. Onların təhlükəsiz yaşaması və onların hər bir problemi dövlətimizin üzərindədir. Konstutisiyannın bütün hüquq və azadlıqları onlara da aiddir. Ermənistan 300 minə yaxın Qərbi Azərbaycanlının tarixi vətəninə qayıtmasına məsuliyyət daşıyır. Ermənistan Qərbi Azərbaycanda 200 ildən çox Azərbaycan xalqının yaratmış olduğu qeyri-maddi, mənəvi mirası darmadağın edir. Bu vandalizm prosesi hazırda da davam edir. Qəbiristanlıqlardan tutmuş bütün tarixi abidələrimiz, dini ziyarətgahlarımız ermənilər tərəfindən dağıdılır. Bununla bağlı UNESCO-ya da müvafiq məktub göndərilib. Qərbi Azərbaycan İcması məqsədinə çatana qədər bu işlər ardıcıl, davamlı olaraq həyata keçiriləcək".

Xəbərlər