"Ermənistan 10 noyabr Bəyannaməsinin bəndlərini hələ də icra etməkdən boyun qaçırır"
"44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz təkcə Ermənistanın yox, onların havadarlarının da yuxusunu ərşə çəkib. Biz bu kontekstdən baxanda, Ermənistan hazırda həm siyasi, həm sosial, həm iqtisadi, həm hərbi və s. bütün sahələrdə ciddi böhran keçirir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Paşinyanın ikibaşlı siyasət həyata keçirməsi də, onun nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir:
"Ermənistan daxilində olan revanşist qüvvələr, kilsə və yalançı tarixçilərin məhv etdiyi böyük bir yaş qrupu olan bu kütlə indi Ermənistanın müasir simasıdır. Əlbəttə ki, bunların qarşısında tab gətirmək, bunların qarşısında normal daxili və xarici siyasət həyata keçirmək çətindir.
Paşinyan çalışır ki, bu məsələləri neytrallaşdırsın, amma onun buna nə siyasi biliyi, nə savadı, nə gücü, nə də qətiyyəti çatmır. Ona görə də hazırda Ermənistanın xarici siyasətində müşaiət etdiyimiz məsələlər hər keçən gün bu toplumu daha dərin uçuruma aparır".
Deputat qeyd edib ki, Ermənistan tərəfi 10 noyabr Bəyannaməsinin 4-cü və 9-cu bəndlərini hələ də icra etməkdən boyun qaçırır:
"Artıq qələbəmizdən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də bu məsələləri ləngitməyə çalışır. Ancaq Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması artıq Ermənistanı çox çıxılmaz vəziyyətə salıb. Artıq Paşinyan və siyasi rəhbərlik anlayır ki, bununla Azərbaycan bütün məsələlərə nöqtə qoymuş oldu.
Cənab Prezidentin "Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir" söyləməsi tam həqiqətdir. Belə ki, 10 noyabr Bəyannaməsinin 9-cu bəndini erməni tərəfi anlasa, o zaman bu, dəhlizin açılması Ermənistana da dividentlər verəcək. Ancaq səbəblər hələlik Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razı ola bilməməsini göstərir.
Cənab Prezidentin söylədiyi kimi, Ermənistan istəsə də, bu, baş verəcək istəməsə də. Rəsmi Bakı tərəfindən nə deyilibsə, hər biri zamanında həyata keçirilib. Bu, məsələ də öz həllini tapacaq. Gedən qatarın arxasınca baxan yenə Ermənistan olacaq. Rəsmi İrəvan bu məsələni vaxtında həll etməsi üçün əməli addımlar atmalıdır".