Siyasət 3 İyul 2023, 14:58 | Baxış sayı: 118
“Ermənipərəst dairələr Tural Sadıqlı kimi adamlardan istifadə etməyə çalışırlar”

"Tural Sadıqlı kimi adamların sosial bazası yoxdur və insanlar onun hansı niyyətlərlə aksiya təşkil etdiyini yaxşı anlayır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat bildirib ki, hər bir insan xidmətlərinə, tutduğu mövqeyə görə fərqlənir və dövlətə-xalqa verdiyi fayda ilə seçilir:

“Ancaq belə insanları tanıyan yoxdur. Onlar ancaq böhtan, yalanla balaca bir faktı şişirdib, Azərbaycanın imicinə ziyan vurmaqdan ötrü çalışan insanlardır. Bu gün müəyyən dairələr istəyirlər ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozsunlar. Ermənipərəst dairələr Tural Sadıqlı kimi adamlardan istifadə etməyə çalışırlar. Çünki onların məsləki yoxdur. Bu adamlar müəyyən xarici qüvvələrə xidmət edən insanlardır və müəyyən maliyyə vəsaitlərindən qaynaqlanırlar. 

İstəyirlər ki, Azərbaycanda yenidən qarşıdurmalar yaransın və onlar bundan istifadə etsinlər. Əlbəttə ki, özünü bir "qəhrəman" hesab edən Tural Sadıqlı təşkil etdiyi aksiyalara 5-10 nəfər adam yığılırsa, o, özünü biabır edir. O, siyasi meydana çıxmamalıdır, utanmalıdır! Ona görə utanmalıdır ki, ölkə bu gün inkişafdadır, artıq torpaqlarımız erməni faşistlərindən təmizlənib, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmdir və gündən-günə möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət bu gün dünyanın beynəlxalq təşkilatları, siyasi dairələr tərəfindən yüksək qiymətləndirilir. Bu balanslaşdırılmış siyasət sözsüz ölkədə sabitliyin yaranması, inkişafı üçün çox vacibdir. Ancaq çox təəssüflə deyirəm ki, radikal müxalifət bunu görmür və iyrənc vasitələrdən istifadə etməyə çalışır. Ona görə də insanlar ayıq olmalıdırlar, belə təxribatlara getməməlidirlər. Belə insanlara inanmamalıdırlar. Hər kəs öz xidmətini, vətənə verdiyi faydanı ortaya qoymalıdır. Bilinməlidir ki, bu insan xalq xeyirli nə edib. Əgər etməyibsə, o adamın insanları meydanlara səsləmək, onlara yol göstərmək haqqı yoxdur".

Xəbərlər