"Ermənilərin taleyinə daha çox Makron və onun tərəfdarları ağlayırlar"
Fransa dövləti uzun illərdir Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir və bu hallar gündən - günə genişlənməkdə, güclənməkdədir. Ölkənin prezidenti Emmanuel Makron başda olmaqla, Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq - aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür və bunu demokratiya, humanizm pərdəsi ilə ört - basdır etməyə çalışırlar.
Təcavüzkar, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın bəlalarına səbəb olan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən erməniləri, Ermənistanın hakim dairələrini yazıq, əzilən, ac - yalavac, hüquqları pozulan millət kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilmişdir. Bu gün ermənilərin taleyinə bu ölkələrin rəhbərlərindən daha çox Makron və onun tərəfdarları ağlayırlar.
Fransa prezidentinin, bu ölkənin xarici işlər nazirinin, bir çox merlərin müsahibələri Azərbaycanın suverenliyinə, dövlət quruluşuna, müstəqilliyinə zidd olan fikirləri heç bir beynəlxalq normaya sığışmır. Bu əslində demokratiya, humanizm deyil, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıltmaqdır.
Paris meri Ann İdalqonun müşayəti ilə Fransada yaşayan ermənilərin Qarabağa göndərmək istədikləri 10 maşından ibarət “humanitar yük” karvanının Laçın yolu ilə Xankəndinə gətirilməsi cəhdi Fransanın ölkəmizə qarşı yönəldilmiş fitnəkarlığının, düşmənçiliyinin bariz nümunəsidir. Bu yüklərin gətirilməsini, haradan keçməsini əvvəlcədən Azərbaycanla razılaşdırmadan, viza rejiminə əməl etmədən, özü də Paris, Marsel və Strazburq merlərinin müşayəti ilə sərhəddən keçmək cəhdi hegemonluğun ifadəsi olmaqla dövlətimizin suverenliyinə təcavüzdür. Beynəlxalq hüquqdan anlayışı olanların, Azərbaycanın ərazi bütövlüyünü tanıyanların bu hərəkətləri heç bir normaya, demokratik dəyərlərə uyğun gəlmir və bilavasitə Azərbaycana təzyiq etmək, güc göstərmək yoludur.
Qarabağda yaşayan ermənilərin blokadada olması, aclıq keçirməsi, çörəyə, suya möhtac qalması barədə söylənilənlər əfsanədir. Bunu BMT Təhlükəsizlik Şurasının iclası, Beynəlxalq Ədalət Məhkəməsi bir daha təsdiq etdi. Digər tərəfdən Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və acdılarsa onlara yardım göstərmək, kömək əli uzatmaq Azərbaycanın haqqı və borcudur. Onlar əgər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölgəyə göndərdiyi yardımdan, Azərbaycan vətəndaşlığından və qanunlarından imtina edirlərsə onda ölkəmizin ərazisini tərk edib Fransaya köçə bilərlər və bu dövlətin yardımını da qəbul edərlər. Əks təqdirdə Azərbaycanın razılığı və icazəsi olmadan heç bir dövlət Qarabağ ermənilərinə kömək və yardım edə bilməz.
Makron və tərəfdarları yaxşı bilirlər ki, Fransanın özünün üzv olduğu BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı olduğunu qəbul olunmuş dörd qətnaməsi ilə qismən təsdiq etmişdir. Azərbaycanın öz torpaqlarını düşməndən azad etməsi və Laçın sərhəd buraxılış məntəqəsini yaratması onun beynəlxalq normalara əsaslanan haqqıdır. Çünki Laçın yolu ilə uzun illər separatçılara silah - sursat daşınmış, bu yoldan diversiya qrupları keçmiş, ərazilərimiz minalanmışdır.
Makron yaxşı anlayır ki, Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və onun təsir göstərə biləcəyi dövlət deyil. Belə olan halda Fransa humanitar yardım məsələsini ortaya atmaqla, yeni bir oyun oynayır, Ağdam - Xankəndi yolunu seçməməklə, Laçın yoluna üstünlük verməklə təcavüzkarları qızışdırmağa, Cənubi Qafqazda söz sahibi olmasını, Ermənistanın yanında olduğunu sübut etməyə çalışır. Ancaq bütün bunlar əhəmiyyətsiz gedişlər, beynəlxalq aləmi çaşdırmaq üçün vasitədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, heç bir təzyiq və təsir bizi tutduğumuz haqq yolumuzdan döndərə bilməz və döndərməyəcək.
Ermənistandan çox fransızlar, Makron bunu daha yaxşı dərk edir. Ancaq nəslinin kökündə və öz qanında təcavüzkarlıq, zülm, ədalətsizlik olduğu üçün təcavüzkarların yanındadır, işğalçını, zalımı dəstəkləməkdədir. Gen yaddaşı möhkəm olan fransızlardan demokratiya, haqq - ədalət gözləmək əbəsdir. Biz bundan sonra da Makronun və tərəfdarların çirkin əməllərinin şahidi olacağıq, ancaq Azərbaycan bütün cəhdlərin qarşısını alacaqdır.
demokrat.az