"Ermənilər Laçına rahat gedirlərsə, niyə azərbaycanlılar da Naxçıvana sərbəst şəkildə getməməlidirlər?"
“Azərbaycan dəfələrlə ikitərəfli görüşlərdə açıqlama verib ki, Zəngəzur dəhlizi hansısa dövlətin əleyhinə yönəlməyib. Bu layihənin həyata keçirilməsində məqsəd hansısa ölkə ilə sərhədlərin bağlanması deyil. Zəngəzur dəhlizinin açılması Azərbaycanın tam haqqıdır. Azərbaycan uzun müddətdir blokadada olan Naxçıvanla birbaşa əlaqələrə malikdir və bu əlaqələr təmin olunmalıdır. Zəngəzur dəhlizi eyni zamanda qlobal dəhlizdir, layihədir. Layihədə dəmir və avtomobil yolu nəzərdə tutulub. Bu da bütövlükdə ölkənin inkişafına, daha da güclənməsinə ciddi töhfəsini verəcək. İran nəzərə almalıdır ki, bu layihə onların əleyhinə yönəlməyib. Bunu dəfələrlə rəsmi görüşlərdə İran tərəfinin diqqətinə çatdırmışıq”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxması barədə danışarkən deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə ilə, Naxçıvanla, eləcə də Orta Asiyanın Türkiyə ilə birləşdirilməsinə yönəlmiş layihədir: “Bu, hər şeydən öncə, Azərbaycanın bölgədə yaratdığı reallıqla bağlıdır. Cənab Prezident İlham Əliyev də bunu həmişə vurğulayıb ki, həmin ərazilər tarixi Azərbaycan əraziləridir. 1920-ci ildə qoparılaraq Ermənistana verilib. Bu gün ermənilər Laçına rahat gedirlərsə, niyə azərbaycanlılar da Naxçıvana azad və sərbəst şəkildə getməməlidirlər? Bütün hallarda Azərbaycanın mövqeyi qətiyyətli və prinsipialdır. Zəngəzur dəhlizi ən qısa vaxtda açılmalıdır. Cənab Prezident demişdi ki, ya Ermənistan bunu könüllü edəcək, ya da Azərbaycan Ermənistanı buna məcbur edəcək. Ermənistan bilməlidir ki, başqa yolu yoxdur. Azərbaycan bu layihəni mütləq həyata keçirəcək. Azərbaycanın İranla yüksək münasibətləri var, iki ölkə arasında davamlı görüşlər keçirilir. Hətta İrandan keçməklə əlavə dəmiryolu və nəqliyyat yolunun inşası ilə bağlı razılığa gəlmişik. Hazırda bu istiqamətdə də işlər həyata keçirilir, addımlar atılır. Əminik ki, İran tərəfi də Zəngəzur dəhlizi məsələsinə anlayışla yanaşacaq”.