Siyasət 22 Sentyabr 2023, 15:31 | Baxış sayı: 174
“Ermənilər anlayır ki, Azərbaycan Konstitusiyası çərçivəsində layiqli və xoşbəxt həyat yaşayacaqlar”

Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb.

FHN bildirib ki, bundan sonra da Ağdam yolu ilə Xankəndindəki ermənilərə humanitar yüklərin çatdırılması təmin olunacaq. 


Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlamasında deyib ki, qələbəmizdən 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də 10 noyabr bəyanatını icra etməməklə sülh müqaviləsinin imzalanmasına əngəllər törədirdi.

Rəsmi Bakı dəfələrlə Ermənistanı bölgədə dayanıqlı sabitlik əldə olunması üçün sülh gündəliyinə dəvət edib:



“Suveren ərazimizdə yaşayan erməni əsilli vətəndaşlarımızın cəmiyyətimizə reinteqrasiya məsələsi gündəmdədir. Dəfələrlə rəsmi Bakı Qarabağın erməni icmasını görüşlərə dəvət edib. Onların özündən razı formada bundan imtina etməsi onu deməyə əsas verirdi ki, xuntanın əsarətindədirlər. Xarici qüvvələrə arxayın olub, ərazilərimizdə terrorla  məşğul olan separatçılar sonunda layiqli cavablarını aldılar”.  

Deputat qeyd edib ki, Xankəndi ermənilərinin yalvarış və xahişləri ilə Yevlaxda görüş baş tutdu:

“Azərbaycandan uşaq bağçaları və məktəblərə istilik verilməsini, yanacaq və ərzaqla təmin olunmalarını xahiş etdilər. Rəsmi Bakı qısa vaxt ərzində məsələnin həll olunması üçün əməli addımlar atmağa başlayıb. Artıq Xankəndinə FHN-nin ərzaq dolu yük avtomobilləri yola düşüb.  Bu onu deməyə əsas verir ki, orada yaşayan ermənilər anlayırlar ki, mütləq surətdə ya Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar, ya da çıxıb, getməlidirlər. Anlayırlar ki, Azərbaycan Konstitusiyası çərçivəsində layiqli və xoşbəxt həyat yaşayacaqlar. Azərbaycan bütün dünyaya sübut edib ki, günü-gündən inkişaf etməkdədir, hər bir etnik azlığın nümayəndəsi burada tolerant mühitdə çiyin-çiyinə yaşayır”.

demokrat.az

Xəbərlər