“Erkin Qədirli də ulu öndərin məzarı önündə baş əydi, sadəcə, bir az tez qalxdı, aramızda iki-üç saniyə fərq oldu”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirlinin deputatlarla birgə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanı ziyarət etməsi müzakirələrə səbəb olub.
E.Qədirli ilə birgə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən deputat Rüfət Quliyev Pravda.az-a açıqlamasında həmkarının tənqid edilməsinə etirazını bildirib.
“Mən qətiyyətlə bu mövqeyi başa düşə bilmirəm. Müxalifət partiyasının üzvü, rəhbəri, millət vəkili, sadə, yaxud vəzifədə olan statuslu bir insan niyə də gedib belə bir şəxsiyyətin məzarını ziyarət etməsin, əklil qoymasın, baş əyməsin? Bütün dünya ulu öndərin Azərbaycan, türk dünyası üçün göstərdiyi xidmətləri, Azərbaycanın dağılmasının qarşısını almasını bilir. Heydər Əliyev barədə Azərbaycanın memarı kimi yüzlərlə kitablar yazılıb və yazılır. Onun haqqında minlərlə çıxışlar olub. Dünyəvi siyasətçilər, dünya şöhrətli insanlar - ideoloji baxımdan, bəlkə də, bizimlə düz gəlmirlər, - hətta onlar da özlərinə borc bilib ulu öndərin məzarı önündə baş əyirlər. Bəyəm müxalifət nümayəndəsi bizim xalqın düşmənidir? Xeyr, belə deyil. Məsələyə bu formada baxılmasına qəti etirazımı bildirirəm. Ulu öndərin məzarını ziyarət etmək hamımızın - Azərbaycan xalqının borcudur. Yaşın, siyasi əqidənin, vəzifənin bu məsələyə heç bir aidiyyatı yoxdur”, - R.Quliyev deyib.
Deputat həmkarı E.Qədirlinin Heydər Əliyevin məzarı önündə baş əyməməsini protokol pozuntusu kimi qiymətləndirənlərə isə belə cavab verib: “Bəli, Erkin Qədirli ilə Fəxri Xiyabanda bir yerdə olmuşuq. Hörmətli həmkarımız Erkin müəllim də ulu öndərin məzarı önündə baş əydi, sadəcə, bir az tez qalxdı, aramızda iki-üç saniyə fərq oldu. Fotoqraf da şəkli elə çəkib. Xahiş edirəm, bu qəti mövqeyimi bildirəsiniz - biz niyə xalqı parçalayırıq? Müxalifət Azərbaycanın, dövlətin inkişafını, dünyada artan nüfuzumuzu niyə istəmir ki? Bunu hamı istəyir və təbiidir. Ulu öndərin etdiklərini tarixən Azərbaycana heç kim etməyib. Bu gün möhtərəm cənab Prezident, Heydər Əliyevin varisi bu işi çoxşaxəli formada inkişaf etdirir...”