Cəmiyyət, Siyasət 5 Oktyabr 2021, 16:35 | Baxış sayı: 289
"Elmin və məntiqin işləmədiyi yerdə şapalaq, yumruq daha çox aktual olur.”

“Ümumiyyətlə, bu fikirlərin kimə yönəldiyini bilmirəm, amma orta əsrlərdə, çağdan geri qalan cəmiyyətlədə həmişə bu ifadə aktual olub. Kiməsə şapalaqla, kiməsə hansısa bir şəkildə yumruqla cavab vermək və s. Elmin və məntiqin işləmədiyi yerdə şapalaq, yumruq daha çox aktual olur.”

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Yenisabah.az- açıqlamasında deyib. Siyasətçi İranın Ali dini lideri Seyid Əli Xameneinin “şapalaq” mövzusuna toxunub:

“Siz görmüsünüz Avropada və Amerikada hansısa bir fərqli fikir və yaxud kimsə, kimləsə düşmən olanda belə bir ifadə işlənilsin? Ona görə də açığı bu ifadə modern cəmiyyətin tələblərinə yad bir ifadədir. Mənim üçün də qəribə səslənir. 

Ümumiyyətlə, diplomatik bir üslüb, ifadə tərzi dünyada seçilməlidir. Artıq modern çağ, zorakılığın hökm sürdüyü feodal düşüncəylə yaşanan dövr deyil. Ona görə də elmlə, məntiqlə, ağılla cavab vermək daha yerində olan bir addımdır. İstər düşmən olsun, istərsə də dost. Həmişə daha çox məntiqlə və elmlə cavab verilməlidir, çünki hər kəs başlasa bir-birinə şapalaq vurmağa, onda dünyada düzən pozulacaq və heç kim, heç kimi eşitməyəcək. Müasir demokratiyanın tələbi budur. Geriçi zehniyyətdə olanlar üçün demokratiya bəlkə də, başqa cür anlaşılır. Bu hər hansı bir şəkildə müəyyən dərəcədə insanların birgə yaşayıb, birgə müzakirə etməsi üçün fürsət yaradan bir mühitdir və imkandır”.

BQP sədrinin sözlərinə görə, bu cür açıqlamalar ümumiyyətlə, İslam metodikasına, Məhəmməd peyğəmbərin üslubuna uyğun gəlməyən bir açıqlamadır:

“Siz eşitmisinizmi Məhəmməd peyğəmbər Məkkədə və yaxud da Mədinədə belə bir ifadə işlətsin ki, sizə - düşmənlərimə mən yumruqla cavab verəcəyəm. Belə ifadə eşitmisiniz? Ona görə də həm demokratiyaya, həm də gerçək İslama uyğun olan açıqlamaların olması daha arzulanandır. 

Mən konkret bu dövlət (İran – red.) üçün bunu demirəm, çünki buranın üslubunda belə şeylərə, bu cür yanaşmalara alışmışıq, amma ümumiyyətlə hansı ölkə, rejim, ideologiya daşıyıcısı olur olsun, bu səhvdir. Onlar, Vladimir Leninin işlətdiyi üslubdan kənara çıxmalıdırlar. Daha mədəni və başqalarıyla daha müəyyən xoşgörünü ifadə edən açıqlamalar olmalıdır”.

Deputat hesab edir ki, Azərbaycan ritorikasında istər İrana qarşı, istərsə də başqa dövlətlərə qarşı olsun, dövlətimiz bütün hallarda mədəni danışıqların olmasından  yanadır və bunu da təlqin edir:

“Kimisə aşağılamaq mənasında biz məsələlərə yanaşmırıq. Buna görə də düşmənlə belə, hətta qonşu ölkələrlə, bütövlükdə hamıyla şapalaqla danışmaq dilindən və üslubundan uzaqlaşmaq lazımdır”.

Milli Məclisin deputatı düşünür ki, Azərbaycanda bütün insanların yanaşması İranla normal qonşuluq münasibətinin olmasıdır:

“Rejim ayrı, ideaologiya ayrı. Bizim buna aidiyyatımız yoxdur. Bizdə də ola bilsin ki, İran zehniyyəti ilə düşünən insanlar var və bunlar bizi geriyə aparmaq istəyən, çağdaş, modernlikdən uzaqlaşdırmaq istəyən zehniyyətdir. Bu zehniyyəti biz XVIII əsr və XIX əsrin əvvələrində görmüşük.

Orada olan 30 milyonluq azərbaycanlı əgər bir məktəb aça bilməyibsə, normal öz dilini inkişaf etdirən, azadlığını təmin edən bir sistem qura bilməyibsə, deməli bizi də onların gününə salmağa çalışan qüvvələr var. Ona görə də, onların iradəsi ilə baxmırıq məsələlərə. Biz sadəcə qonşu dövlətik və istəyirik ki, normal, savaşsız və barışcıl yollarla münasibətlərimizi quraq. 

Burada da bizim müstəqilliyimizi təhdid edən bir dövlət var: Ermənistan. Biz İranın Ermənistana dəstək verməsini hansısa bir irad olaraq səsləndirmirik ki? Biz sadəcə, bizə qarşı vuruşan terroçulara, separatçılara dəstək verməsinə narazılığıımızı bildiririk. Onlar terroçulara dəstək verməməlidir”.

Həmsöhbətimiz qeyd edir ki, bir zamanlar Salman Rüştü və başqalarına qarşı ən sərt mövqe tutan İran məscidi dağıdan, orada donuz saxlayanlara qarşı eyni mövqeni sərgiləmir:

“Yaxşı, bir karikatura və yaxud bir əsər daha təhlükəlidir, yoxsa bir məscidin təhqir olunması? Hansı daha təhlükəlidir? Özünüz fikirləşin.

Ona görə də, biz qonşuluq münasibətlərini yaxşı saxlamağa maraqlıyıq, çünki bizim İranla heç bir problemimiz yoxdur. İranla normal münasibətimiz olduqca, bizim onlarla heç bir ziddiyətimiz belə olmayacaq. Biz sadəcə bunu deyirik və bundan bizə qarşı hansısa bir neqativ nəticə çıxarmaq tamamilə yanlışdır. 

Azərbaycan İranın daxili işlərinə qarışmır, İranla bağlı hansısa bir sanskiyada iştirak etmirik, İrana qarşı digər dövlətlərin aldığı qərarların da iştirakçısı deyilik. Biz qonşu olaraq bunlara əməl ediriksə, İran da bizə qarşı olan düşmənin dəstəklənməsi məsələsini bir daha gözdən keçirməlidir. Həmçinin bölgədə də kommunikasiyaların açılmasına dəstək verməlidir ki, birlikdə regionu barış bölgəsinə çevirə bilək. Budur bizim əsas tələbimiz”.

F. Mustafa bildirib ki, bu mövzularda qızışdırıcı insanlar olur ki, tamamilə ya ağ, ya da qara baxaraq, normal nəticələri görmək istəmirlər:

“İranda da təqribən belədir. Hər şeyi həll edərik deyən adamlar var ki, sonra baxırsan Amerika və İsraili hədələyirlər. Sonra da onların qabağında hansısa bir iradələrini gerçəkləşdirə bilmirlər. Nə olsun buradan oraya söz, söyüş at, amma faktiki olaraq sanksiya altında qalmısan, əhalin çətinlik çəkir. Xalqını bir idealogiyaya görə sıxıntıya salmağı biz Sovet dövründə yaşamışıq. Nədir-nədir boş bir idealogiyaya görə biz ac vəziyyətdə qalmalıydıq”.

Millət vəkili onu da vurğulayıb ki, bu məsələlərdə İran tərəfi Azərbaycanla diqqətli olmalıdır:

“Bizimlə hədə dilində danışmağı məqbul saymırıq. Biz özümüz də kimisə hədələmirik. Biz, torpaqlarımızı işğal edənlərlə hədə dilində danışırıq. Azərbaycan İranla qonşu dilində danışır və qonşular bir-birinə müəyyən dərəcədə dəstək olmalıdır və bir-birini anlamalıdır. Biz bunu anlatmağa çalışırıqsa və bunun qarşılığında İran da əvvəlki illərdə olduğu kimi, bizi yuxarıdan aşağı qiymətləndirməyə çalışırsa, bu çox səhv bir siyasətdir. Ona görə ki, bu gün bölgədə reallıqlar xeyli dəyişib və Azərbaycanın iradəsi kifayət qədər çoxşaxəli və ciddidir. Bizimlə ancaq normal, mehriban qonşuluq siyasəti yürütməklə gələcəyə irəliləmək mümkündür. İran da bunu etməlidir, biz də”

O, qeyd edib ki, Azərbaycan İrana qarşı olan hər hansısa bir prosesdə iştirak etmir: “Əgər bizə qarşı aqresivlik olarsa, biz onun cavabını verərik, yoxsa durduq yerdə biz İranla niyə problem yaşayaq? Bunu onlar da qiymətləndirməli və gərginliyi azaltmalıdırlar. Münasibətlər yenidən normal məcəraya qayıtmalıdır, yoxsa əks halda bu heç bir bölgə dövlətinin xeyrinə olmayacaq. Bunun sonu qarşıdurma, soyuq müharibə və s. şeylərdir. Bu kimin nəyinə gərəkdir? Onsuz da əhali pandemiyadan çox zərər çəkib. Bu problemlər İrana, yaxud bizə lazımdır? Bu məsələləri “şapalaqla” yox, normal dillə - dialoqla tənzimləmək lazımdır”.

Son olaraq deputat özünəməxsus tərzdə fikirlərini tamamlayıb:

“Şapalağın da sonu “q” ilə bitir, dialoqun da sonu “q” ilə bitir. Hansı “q” hərfini seçmək daha məqbuldursa, məncə onun üzərində də durmaq lazımdır.”

Xəbərlər