İqtisadiyyat 10 Aprel 2023, 12:43 | Baxış sayı: 180
"“Elektroenergetika haqqında” qanun qəbulu o demək deyil ki, biznesdə sıçrayış olacaq...”

“Burada söhbət Energetika Nazirliyinin, yaxud nazir Pərviz Şahbazovun marağından yox, ümumi dövlət və ümummilli maraqlardan söhbət gedir. Bunu nəzərə almaq lazımdır. “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə iclasında deputatlar qiymətlə bağlı çıxış etdilər. Bəri başdan deyildi ki, qanunun qəbulu qiymətlərin artımına gətirib çıxarmasın. Buna görə hamımız narahatıq. Amma ümumi bazar iqtisadiyyatının inkişafını süni formada hansısa sahədə saxlayıb, digər sahələrə tətbiq etmək də düzgün deyil. Bildiyim qədəri ilə, Energetika Nazirliyi bu layihəni başqa dövlət strukturları, elmi tədqiqat institutları, xarici ekspertlərlə birgə hazırlayır. Bu addımı atmalıyıq. Düzdür, bir neçə millət vəkili təklif etdi ki, “Elektroenergetika haqqında” qanun layihəsini pilot layihə kimi iki-üç regionda birinci mərhələdə keçirək, sonra effektinə baxaq. Mən də bununla razılaşaram. Onsuz da qanunun qəbulu o demək deyil ki, bütün Azərbaycanda biznesdə birdəfəlik sıçrayış olacaq. Təbii resurslar – dağ, çay, hidrotexniki şərait, yaxud alternativ energetika üçün günəş işığı, külək gücü olmalıdır. Bunların hamısı nəzərə alınacaq. Qanun, sadəcə olaraq, böyük darvaza açır ki, dövlət və özəl şirkətlər birgə fəaliyyət göstərsin, yaxud özəl şirkətlər özləri layihəni təqdim edəndən sonra məsələri həyata keçirsinlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur: “İstənilən Avropa ölkəsində, inkişaf etmiş Asiya ölkələrində energetika sistemi tam dövlətin əlində deyil. Həmin ölkələrdə özəl elektrostansiyalar, şirkətlər öz hesablarına, yaxud dövlətlə birgə layihə həyata keçirirlər. İdarəetməni öz boyunlarına götürüb, dövlətin qoyduğu qiymətlərlə əhaliyə elektrik enerjisini satırlar. Ona görə də burada söhbət kooperativ maraqdan getmir. Artıq elə mərhələyə gəlib çatmışıq ki, biz də çalışmalıyıq, inhisarçılıq olan sahələrdə müəyyən addımlar ataq, islahatlar aparaq. Bu, ümumi iqtisadi artımımız, inkişafımız, əhalinin rifahı üçün gələcəkdə müsbət fayda verəcək”.

 

R.Quliyev bəzi təkliflərini də irəli sürüb: “Ucqar kəndlərdəki dağlarda kifayət qədər çaylarımız var. Ora işıq çəkməkdənsə, yaxud işığı tam 7 gün 24 saat fasiləsiz təmin etməkdənsə, daha rahat olar ki, hansısa özəl şirkətlə danışıb, dövlətin şərtləri ilə çayın üzərində xırda hidroelektrik stansiya tikilsin. Bu, 7-10 min abonentə kifayət edə bilər. Təbii ki, bu, dövlətin müəyyən etdiyi qiymətlərlə satılacaq. Təxminən, 6 ay öncə bir neçə xarici şirkətin layihəsi var idi. Məni də fikrimi demək üçün dəvət etdilər. Həmin şirkətlər razı idilər ki, özləri investisiya qoyub, dövlət qiymətləri ilə enerji satsınlar. Amma hamısı deyirlər ki, onlar üçün dövlət tərəfindən xüsusi şərtlər olmalıdır. Qiymət məsələsinə gələndə deyirdilər ki, sizdə işığın dövlət qiyməti nisbətən ucuzdur. Ucuz, yaxud baha olması hər ölkənin qiymət siyasətindən asılıdır. Amma xüsusi şərtlər bütün şirkətlərə - daxili, yaxud xarici şirkətlərə aiddir ki, onlar rahat formada işlərini görə bilsinlər. Rəqabət olmalıdır. Bazar iqtisadiyyatının əsas qanunları tələb, təklif, rəqabət və qiymətin formalaşmasıdır. Amma təbii ki, dövlət öz nəzarətini saxlayır. Yeni iş yerlərinin açılması, sosial məsələlərin həlli də var. Ona görə də məsələyə birmənalı, neqativ nöqtədən baxmaq lazım deyil. Pozitiv məqamlar çoxdur. Çalışıb, dünya standartlarına uyğun bazar iqtisadiyyatını öz ölkəmizdə inkişaf etdirməliyik”.

Xəbərlər